İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
26 may 2012 | 02:05   
Paylaşın:        

Milli Məclisin İqtisadi siyasət komitəsinin mayın 26-da keçirilmiş  iclasında “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxıldı.
Komitə sədri Ziyad Səmədzadə iclası açaraq bildirdi ki, Azərbaycan son 20 il ərzində sürətlə inkişaf edərək, dünyada öz mövqeyini möhkəmləndirib. Aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi yüksəliş müşahidə olunur, makroiqtisadi sabitlik təmin edilmişdir. Dünyada gedən iqtisadi-maliyyə böhranına baxmayaraq, ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Qeyd edildi ki,  həyatın müxtəlif sahələrində müşahidə olunan inkişaf dinamikasını özündə əks etdirən 2012-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil edilmiş digər sənədlər ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün tələbləri nəzərə alınmaqla tərtib olunmuşdur. Bununla belə, ölkə iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri, maliyyə resurslarının artımını nəzərə alaraq dövlət büdcəsi üzrə qəbul olunmuş proqnoz göstəricilərinə yenidən baxılması və bir sıra dəyişikliklərin edilməsi zərurəti yaranmışdır.
Sonra maliyyə naziri Samir Şərifov 2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti barədə açıqlama verdi. Müzakirəyə çıxarılmış qanun layihəsinin Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edildiyi qeyd olundu. Bildirildi ki, dəyişikliklərə əsasən, 2012-ci il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaq, gəlirlər 17 038 mln manat, xərclər isə 17 672 mln manata çatdırılacaqdır. Dövlət büdcəsinə ediləcək əlavələrin iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub.
Sonra Samir Şərifov qeyd etdi ki, ediləcək əlavələrin bir qisminin ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə, sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın və 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması üçün ayrılması planlaşdırılır. Bundan başqa, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan yağışların, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi, habelə Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq işlərin həyata keçirilməsi üçün əlavə maliyyə sərf olunacaq. Eyni zamanda, 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş Fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq vəsaitin cəlb edilməsi tələb olunur. Qeyd edildi ki, büdcəyə əlavə ediləcək vəsaitin həmçinin sovet dövründən qalan əmanətlərin qaytarılması, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün yönəldilməsi nəzərdə tutulur.
İclasda çıxış edən millət vəkilləri, müvafiq dövlət qurumlarının nümayəndələri 2012-ci ilin dövlət büdcəsinə təklif olunan düzəlişlər barədə fikirlərini açıqladılar, dəyişiklikləri müsbət dəyərləndirdilər.
İclasın yekununda qanun layihəsi yekdilliklə parlamentin plenar iclasında müzakirələrə çıxarılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU