Katerina VOLF: “MƏİŞƏT ZORAKILIĞI NƏ SƏRHƏD TANIYIR, NƏ MİLLƏT”

Tədbirlər
26 oktyabr 2017 | 05:10   
Paylaşın:        

Oktyabrın 26-da Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə  təşkil etdiyi dəyirmi masa keçirildi. Deputatlar tədbirə dəvət olunmuş hökumət nümayəndələrinin, BMT Qadın Fondunun və Əhali Fondunun, ölkəmizdəki bir sıra QHT-lərin, o cümlədən Gənc Hüquqşünaslar Birliyinin təmsilçilərinin iştirakı ilə “Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”nı müzakirə etdilər.
Dəyirmi masanın moderatoru Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli parlamentdə məişət zorakılığı ilə bağlı keçirilmiş tədbirlər, ictimai müzakirələr barədə informasiya verərək vurğuladı ki, son illərdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılması bu sahədə atılan mühüm addımlardan biridir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı açılış nitqində ölkəmizdə məişət zorakılığına qarşı aparılan mübarizədən, hazırlanan fəaliyyət planından bəhs etdi. Parlamentdə bu sahəyə dair vacib qanunların qəbul edildiyini,  Azərbaycanda ailə institutuna mühüm dəyər verildiyini bildirdi. Məişət zorakılığı ilə mübarizənin səmərəliyini artırmaq məqsədilə bir sıra təkliflər irəli sürdü. Zorakılıq qurbanlarına kömək mərkəzlərinin və  ailə problemləri üzrə ixtisaslaşmış məhkəmə strukturlarının yaradılmasını, ailə psixoloqlarının yetişdirilməsini vacib saydı. Qeyd etdi ki, xüsusilə bölgələrdə qadınlar arasında maarifləndirmə işləri genişləndirilməlidir. Mətbuat və sosial şəbəkələr vasitəsilə də qadın hüquqlarının təbliği  yaxşı nəticə verər.
Sonra dəyirmi masada BMT-nin Qadın Fondunun Avropa və Orta Asiya üzrə proqram rəhbəri Katerina Volf çıxış etdi. Azərbaycanda bu sahədə dövlət səviyyəsində və QHT-lər tərəfindən görülən işləri yüksək dəyərləndirdi. Bildirdi ki, məişət zorakılığı nə sərhəd tanıyır, nə millət. Bu problem dünyanın hər yerində geniş yayılıb. 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məişət zorakılığına məruz qalmış qadınları himayə edən sığınacağın fəaliyyəti barədə məruzəsində konkret faktları diqqətə çatdırdı. Zorakılıq qurbanlarına hüquqi, psixoloji, tibbi yardım göstərməklə bərabər onlar üçün məşğulluğa dair kursların da təşkil olunduğunu bildirdi. Bir sıra dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində işlədiklərini dedi.
“Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı”nın müzakirəsində deputatlar Çingiz Qənizadə, Vüsal Hüseynov, Elşən Musayev, Sədaqət Vəliyeva fikirlərini bildirdilər.
Dəyirmi masada iştirak edən qonaqlardan BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Xalisə Şahverdiyeva, Gender bərabərliyi və məişət zorakılığı mövzusu üzrə ixtisaslaşmış ekspert Cavid Şahmalıyev, Gənc Hüquqşünaslar Birliyinin nümayəndəsi Nvolisa İfeanyiçukvu Çinedu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nəzakət Balabəyova, “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva görülən işlər, praktikada qarşılaşdıqları narahatlıq doğuran məsələlər barədə danışdılar, təkliflərini nəzərə çatdırdılar.
Moderator Əli Hüseynli çıxışlara münasibət bildirdikdən sonra dəyirmi masa ətrafındakı ictimai müzakirəni yekunlaşdırdı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU