MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 31-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə 38 məsələdən ibarət gündəlik təsdiqləndi.
İclasda Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini təqdim etdi.
Bildirdi ki, yenilənmiş Saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb. İndiyədək, yəni 1995-2017-ci illər ərzində Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin icrası prosesində layihə üzrə ümumi xərclərin həcmi 43,5 milyard dollar təşkil edib. Bunlardan da əsaslı xərclər, yəni kapital qoyuluşları 35 milyard dollara yaxın olubdur. Layihənin icra olunduğu müddətdə Azərbaycanın payına düşən gəlirlər 130 milyard dollara yaxın mənfəət nefti şəklində çatıbdır. Podratçı tərəflər 15 milyard dollara yaxın mənfəət vergisi ödəyibdir. ARDNŞ-ın ortaq şirkəti 5,9-6 milyard dollar məbləğində mənfəət nefti qazanıbdır. Bunlarla yanaşı müqavilə sahəsi üzrə texnoloji ehtiyaclar üçün işlədilməmiş 42 milyard kubmetrə yaxın həcmdə təbii səmt qazı ödənişsiz çatdırılma məntəqəsində dövlətə təhvil verilibdir.
Vitse-spiker qeyd etdi ki, müqavilə müddətinin uzadılması və sazişin yenilənməsi uzaqgörənliklə atılmış addımdır. Çünki müqavilənin əvvəlki müddəti 2024-cü ilə qədər nəzərdə tutulduğundan qarşıdakı 7 ildə hasilat aşağı düşəcəkdi. Onu sonradan bərpa etməksə çox çətin olacaqdı. Parlamentin diqqətinə çatdırıldı ki, Azərbaycan dövləti və ARDNŞ yenilənmiş müqaviləni daha üstün şərtlərlə imzalayıb.
Plenar iclasda müzakirə zamanı deputatlar Vahid Əhmədov, Əli Məsimli, Aydın Mirzəzadə, Tahir Kərimli, Sahibə Qafarova, Siyavuş Novruzov sənədin Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verdiyini vurğuladılar. Qeyd olundu ki, Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində dünən istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı tarixi qələbədir. Hazırda parlamentin müzakirəsinə verilmiş yeni neft-qaz Sazişi də geosiyasi, regional, iqtisadi baxımdan ölkəmizin qüdrətini daha da möhkəmləndirəcək.
Milli Məclis Sazişi qəbul və təsdiq etdi, həyata keçirilməsinə razılıq verdi.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma və Metrologiya üzrə Əmirlik Orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında” Anlaşma Memorandumu və “Azərbaycan Respublikası Hökuməti ilə Bermud Adaları Hökuməti arasında uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsinə dair” Saziş barədə məlumat verdi.
Deputatlar hər iki sənədin təsdiqini məqsədəuyğun saydılar.
Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə bir zərfdə daxil olmuş 19 qanun layihəsi “Elm haqqında” qanunun tətbiqi ilə əlaqədar Əmək Məcəlləsində, 16 qanunda və 2 Əsasnamədə dəyişiklik edilməsi zərurətini ehtiva edirdi. İclasda həmin qanun layihələri barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin məlumatı dinlənildi.
Deputatlar məsələyə münasibət bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyuldu. Milli Məclis Əmək Məcəlləsində, diplomatik xidmət, dövlət əmlakının özəlləşdirilməsi, dövlət qulluğu, əmək pensiyaları, geodeziya və kartoqrafiya, heyvanlar aləmi, müdafiə, muzeylər, ölçmələrin vəhdətinin təmin edilməsi, rəsmi statistika, sanitariya-epidemioloji salamatlıq, sərhəd qoşunları, təhsil, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri, yanğın təhlükəsizliyi və yaşayış minimumu haqqında qanunlarda, həmçinin Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli qanunu ilə təsdiqlənmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsini məqsədəuyğun saydı.
Gündəlikdəki növbəti iki qanun layihəsini Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim etdi. Bildirdi ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda edilən dəyişikliklər yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin dəqiqləşdirilməsi, yaşıllıqların uçotu, kadastrı və monitorinqi sahəsində idarəetmənin təkmilləşdirilməsi, yaşıllıqların salınmasının stimullaşdırılması, həmçinin bərpası üçün əkin materialları və digər vasitələrlə təminatı məsələlərinin həlli məqsədini daşıyır.
Məlumat verildi ki, “Çayçılıq haqqında” qanunun 10-cu maddəsində aparılan dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır. Layihəyə əsasən, bu sənəd “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna və “Toxumçuluq haqqında” qanunda dəyişiklik edilməsinə dair 2017-ci il 14 aprel tarixli qanuna uyğunlaşdırılacaq.
Hər iki qanun layihəsi Milli Məclisdə qəbul olundu.
Qanunvericiliyin uyğunlaşdırılması baxımından “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi ilə əlaqədar gündəliyə üç məsələ daxil edilmişdi. Ölkəmizdə sərnişindaşıma sahəsində yeni ödəmə alətlərinin tətbiqi ilə əlaqədar Mülki Məcəllənin 842-ci maddəsinə, “Avtomobil nəqliyyatı haqqında” qanunun bir sıra maddələrinə və “Nəqliyyat haqqında” qanunun 13-cü maddəsinə təklif olunan dəyişikliklər şərh olunduqdan sonra hər üç qanun layihəsi qəbul edildi.
Deputatlara məlumat verildi ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif olunan dəyişikliklər həmin yoxlamaların dayandırılması müddətinin uzadılmasını nəzərdə tutur. Həmçinin insanların həyat və sağlamlığının qorunması ilə bilavasitə bağlı olan yoxlamaların aparılmasını, yəni dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamaları təmin etmək məqsədi daşıyır.
Fikir mübadiləsindən sonra layihə səsə qoyuldu və qanun qəbul edildi.
“Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsinə dair məsələnin müzakirəsi zamanı bildirildi ki, sənəd “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun icrası məqsədilə hazırlanıb. Qanunun qüvvədə olan mətnindən fərqli olaraq yeni layihə cinayət əlamətləri olan hüquqpozmalarla yanaşı inzibati xəta əlamətləri olan hüquqpozmalarla bağlı materialların da aidiyyəti üzrə göndərilməsini nəzərdə tutur.
Deputatlar rəy və təkliflərini diqqətə çatdırdılar. Parlament sənədə müsbət münasibət bildirdi.
Plenar iclasın gündəliyindəki növbəti 9 qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh etdi. Öncə bildirdi ki, İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” qanunda aparılan dəqiqləşdirmə nəqliyyat vasitəsinin parklanması ilə əlaqədardır. Yəni bir parklanmanın müddəti 24 saat müəyyənləşdirilibsə, bu vaxt tamam olmamış nəqliyyat vasitəsi istifadəçisinin məsuliyyəti yarana bilməz.
Deputatlar bu qanunlara müsbət münasibət bildirdilər.
Sonra parlamentə məlumat verildi ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişikliklər qanunsuz balıq ovu ilə mübarizəni gücləndirmək məqsədi daşıyır.
Sənəd səsə qoyuldu və qəbul edildi.
Milli Məclisdə bildirildi ki, dövlət başçısının 30 may 2017-ci il tarixli sərəncamına əsasən, Prezident Administrasiyasının strukturunda aparılmış dəyişikliklərlə əlaqədar olaraq “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi zərurəti meydana çıxıb.
Səsvermə zamanı parlament qanunu qəbul etdi.
İclasda qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində, qanunvericiliyin uyğunlaşdırılması məqsədilə Miqrasiya Məcəlləsinin 9-cu və 17-ci maddələrində edilən dəyişikliklər qəbul olundu.
Plenar iclasa sədrlik edən Ziyafət Əsgərov məlumat verdi ki, gündəlikdəki növbəti üç məsələ Azərbaycan Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub.
Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edən komitə sədri Əli Hüseynli bildirdi ki, yeni müddəalara əsasən, məhkəmə icraatında nümayəndəlik institutu təkmilləşdiriləcək, icraatda iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq imkanı təmin ediləcək. Nümayəndəliyi özünə bir növ “peşə” edən qeyri-peşəkar şəxslərin onlara etibar edilmiş səlahiyyətlərdən sui-istifadə etməsinə imkan verməyəcək.
Bundan başqa Mülki Prosessual Məcəlləyə təklif olunan digər dəyişikliklər kasasiya icraatının səmərəliyini artıracaq. Belə ki, apelyasiya məhkəməsinin pul vəsaiti tutulması tələblərinə dair bütün qətnamələrində kasasiya şikayəti verilməsi imkanını aradan qaldırmaq üçün iqtisadi mübahisələr üzrə 10 min manatdan, digər hallarda 2 min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kasasiya şikayəti verilə bilməyəcək.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda aparılan dəyişikliklər də qanunvericiliyin təkmilləşdirilməsi xarakteri daşıyır.
Deputatlar Zahid Oruc, Fazil Mustafa, Elşən Musayev, Siyavuş Novruzov, Musa Quliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva, vitse-spiker Valeh Ələsgərov fikir plüralizmi şəraitində layihələrə münasibət bildirdilər. Ali Məhkəmənin kollegiya sədri Şəlalə Məmmədova deputatların suallarını cavablandırdı.
Fikir mübadiləsinin yekununda hər iki məcəlləyə, həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişikliklər qəbul olundu.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti