PARLAMENTLƏRARASI KOMİSSİYANIN 14-CÜ İCLASI KEÇİRİLDİ
Noyabrın 2-də Azərbaycan Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 14-cü iclası keçirildi.
Tədbiri açan Milli Məclis sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri Valeh Ələsgərov ölkələrimizin və qanunverici orqanların əməkdaşlığının getdikcə daha da möhkəmləndiyini dedi. Rusiya tərəfindən ikitərəfli komissiyanın həmsədri, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Azərbaycanın yüksək mükafatı - “Dostluq ordeni” ilə təltif olunmasına görə dövlətimizə və dövlət başçısına təşəkkür etdi. Bildirdi ki, belə bir yüksək mükafatı Perzident İlham Əliyevdən qəbul etmək böyük şərəfdir. O, bu mükafatlandırmanın iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini dedi. Bildirdi ki, Rusiyanın qanunverici orqanları da əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə azərbaycanlı həmkarlarını təltif edib. Rusiya Dövlət Dumasının Xatirə Medalı Milli Məclis sədrinin müavini Valeh Ələsgərova, Rusiya Federasiyası Federasiya Şurasının Fəxri Fərmanları isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova və Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərova təqdim olundu.
Milli Məclisin deputatı, akademik, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanova isə Dağıstan Respublikasının Əməkdar elm xadimi Fəxri adı ilə təltif olunması barədə vəsiqə və döş nişanı təqdim edildi.
İclasda Parlamentlərarası İttifaqın 2017-ci ilin 14-17 oktyabrında Sankt-Peterburqda keçirilmiş 137-ci Assambleyasının iclasının əsas yekunları və konfessiyalararası dialoqun inkişaf etdirilməsi sahəsində Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyəti, Elm, texnologiya və intellektual mülkiyyətin inkişafı sahəsində Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının vəziyyəti və genişlənmə perspektivləri, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi barədə, Rusiya və Azərbaycanın regionlar səviyyəsində qarşılıqlı əlaqəsinin inkişafı mövzularında məruzələr dinlənildi, fikir mübadiləsi aparıldı.
Çıxış edən parlamentlərarası komissiyanın üzvləri müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər. İclasda parlamentlərarası komissiyanın növbəti 15-ci iclasına dair təşkilati məsələlərə də baxıldı. Bununla da Azərbaycan Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 14-cü iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti