MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA 2018-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ MÜZAKİRƏ EDİLDİ
Noyabrın 13-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında “2018-ci ilin dövlət büdcəsi layihəsi haqqında” qanun layihəsi müzakirə edildi.
İclası açan Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, 2018-ci ilin büdcə zərfində dünyadakı qlobal iqtisadi meyllər, maliyyə prosesləri və çağırışlar nəzərə alınıb. Bu dəfə də dövlət büdcəsinə daxil olan sənədlər büdcə sistemi qanunvericiliyinə uyğun, mükəmməl şəkildə hazırlanıb. Növbəti ilin büdcə zərfi ilə bağlı müzakirələr göstərir ki, bu ali sənədə bütövlükdə cəmiyyətdə çox ciddi maraq var. Çünki bu sənəd qarşıdakı növbəti 3 ilin inkişaf istiqamətlərini özündə tamlığı ilə əks etdirir.
Eyni zamanda qeyd olundu ki, sənəddə Azərbaycan iqtisadiyyatının 2016-2017-ci illər ərzindəki inkişaf perspektivləri və nəticələr, beynəlxalq miqyaslı risklər və bunların büdcə parametrlərinə mövcud təsirləri ətraflı araşdırılıb. Potensialın yerli tələblər nəzərə alaraq ödənilməsi, rabitə, nəqliyyat strukturlarına, təhsil, səhiyyə, mədəniyyət sahəsinə ayırmalar büdcə zərfinin sosialyönümlü olduğunu aydın göstərir.
Bahar Muradova ali iqtisadi sənəddə insan kapitalına mühüm önəm verilməsini də təqdirəlayiq hal kimi dəyərləndirdi, gəlir və xərclərin 2017-ci illə müqayisədə artırılmasının mühüm məqam olduğunu bildirdi.
Sonra iclasda Maliyyə nazirinin müavini Azər Bayramov 2018-ci il üçün dövlət büdcəsi layihəsi barədə məlumat verərək bildirdi ki, sənəd ölkəmizin milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol Xəritəsinə və dünyada baş verən iqtisadi proseslərin təhlilinə əsasən hazırlanıb.
Qeyd olundu ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat nəzərdə tutulur. Bu 2017-ci ilin proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat çoxdur. Növbəti il üçün proqnozlaşdırılan ÜDM-in tərkibində büdcə gəlirlərinin xüsusi çəkisi cari illə müqayisədə 4,4 faiz artaraq 29 faiz təşkil edəcək. Dövlət büdcəsinin gəlirlərinin 9 milyard 31 milyon manatı və ya 44,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2018-ci il dövlət büdcəsinin xərcləri cari ilin təsdiq olunmuş büdcə xərcləri ilə müqayisədə 2 milyard 965 milyon manat və ya 16,5 faiz çox olmaqla mütləq ifadədə 20 milyard 906 milyon manat məbləğində proqnozlaşdırılır.
Azər Bayramov qeyd etdi ki, 2018-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,6 faiz olacaq. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, sahələrinə 5 milyard 372 milyon manat vəsait nəzərdə tutulur. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcək.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərclərinin maliyyələşməsi üçün 304 milyon manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 22 milyon manat çoxdur. Həmin mənbədən mədəniyyət, incəsənət tədbirləri və KİV-lərin maliyyə təminatı üçün 260 milyon manat vəsait yönləndiriləcək. Bədən tərbiyəsi, idman tədbirlərinin və gənclər siyasətinin həyata keçirilməsi üçün 44 milyon manat vəsait proqnozlaşdırılır. Bələdiyyələrə 5,2 milyon, QHT-lərə 3,6 milyon, dini qurumlara və icmalara 3,4 milyon, siyasi partiyalara 2,5 milyon, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon, Gənclər Fonduna 2 milyon, Elmin İnkişaf Fonduna 4 milyon, Bilik Fonduna 1 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Azər Bayramov bildirdi ki, gələn il üçün xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanmasına 2,4 milyon manat, populyar xarici telekanallar vasitəsilə Azərbaycan turizminin təbliğinə 3,5 milyon manat vəsait ayrılır. Sosial mənzillərin tikintisinə və ipoteka layihələrinin maliyyələşdirilməsinə 250 milyon, “ASAN xidmət”in göstərdiyi xidmətlərin dairəsinin genişləndirilməsinə isə 24.6 milyon manat vəsait nəzərdə tutulub.
Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılıb ki, bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Gələn il rayon və şəhərlərin yerli xərcləri 424 milyon manat təşkil edəcək. 2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1 faiz olacaq.
Sonra iclasda İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib, əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Büdcə layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib. Dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün 1 barel xam neftin satış qiyməti 45, növbəti illər üçün isə 40 dollar müəyyən edilib.
Onun sözlərinə görə, gələn il ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlər davam etdiriləcək. Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur.
Dövlət büdcəsi layihəsinin müəyyən edilmiş zaman çərçivəsində və qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlandığını vurğulayan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə layihə ilə bağlı palatanın hazırladığı ümumiləşdirilmiş nəticələri və tövsiyələri diqqətə çatdırdı. Bildirildi ki, növbəti ilin dövlət büdcəsinin xərcləri Prezident İlham Əliyev tərəfindən sosial sahədə müəyyən edilmiş tapşırıqların icrasını təmin etmək üçün etibarlı maliyyə təminatı yaratmış olacaq.
İclas qanun layihəsi ətrafında müzakirələrlə davam etdirildi. Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Rafael Hüseynov, Fuad Muradov, millət vəkilləri Hikmət Məmmədov, Rauf Əliyev, Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Fazil Qəzənfəroğlu, Elmira Axundova, Tahir Kərimli, Mahir Abbaszadə, Fəttah Heydərov, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova qanun layihəsinə müsbət münasibət bildirdilər, təkliflərini səsləndirdilər.
Sonra Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova millət vəkillərini maraqlandıran suallara aydınlıq gətirdilər.
Bahar Muradova iclasa yekun vurdu, “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti