ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
15 noyabr 2017 | 06:11   
Paylaşın:        

Noyabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi. İclasda “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə olundu.
Komitə sədri İsa Həbibbəyli bildirdi ki, peşə təhsili ölkəmizdə prioritet istiqamətlərdən biridir. Bu sahədə həm Bakıda, həm də bölgələrdə müasir standartlara uyğun təhsil məktəbləri yaradılır. Bu gün peşə təhsili müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulur. Bununla bağlı bir sıra  ölkələrin qanunvericilik sənədləri və təcrübəsi öyrənilib, eyni zamanda, yerli reallıqlar da nəzərə alınaraq yeni qanun layihəsi hazırlanıb. Həmçinin Avropa İttifaqının nümayəndələri ilə görüşlər keçirilib, Avropa peşə təhsili sistemi, bunun ölkəmizdə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edildi ki, qanun layihəsi işçi qrupunda, Peşə Təhsili üzrə Dövlət Agentliyində, Avropa Komissiyası nümayəndələrinin iştirakı ilə bir neçə dəfə müzakirə olunub. Qanunun hazırlanması zamanı dövlət maraqları, milli məfkurə, ölkənin reallıqları nəzərə alınıb.
İsa Həbibbəyli bildirdi ki, sənəd ölkəmizdə peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixsisaslı kadrların hazırlanması məqsədi ilə bu sahədə dövlət siyasətinin prinsiplərini, təhsil və təlim sisteminin təşkilati-hüquqi,  iqtisadi əsaslarını müəyyən edir. Qanun təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqisi üçün peşə hazırlığının bütün formalarına şamil edilir.
Diqqətə çatdırıldı ki, qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Layihədə  formal, informal, qeyri-formal peşə təhsili, ixtisaslaşma, peşə standartları, peşə təhsilinin inkişafı fondu, təhsildə inteqrasiya və digər əsas anlayışların mənası açıqlanır. Sənəddə peşə təhsili almaq üçün bərabər imkanların yaradılması, peşə təhsilinin milli və dünya təhsil sisteminin, elmin,  iqtisadiyyatın nailiyyətləri, ailə və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili, bu sahədə fasiləsiz öyrənmənin, varisliyin və mobilliyin təmin olunması, peşə təhsilinin müasir standartlara, habelə şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu kimi dövlət siyasətinin əsas prinsipləri müəyyən olunur. Sənəddə, eyni zamanda  stimullaşdırıcı tədbirlərin tətbiqi, məlumat bazasının yaradılması, nəticələrə əsaslanan maliyyələşdirmə sisteminin və əmək bazarında rəqabətə davamlı əməkhaqqı sisteminin yaradılması, sağlamlıq imkanı məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili, məqsədli peşə inkişafı proqramlarının hazırlanması kimi dövlət siyasətinin əsas istiqamətləri ehtiva edilir.
Qanuna əsasən peşə təhsilinə dair normativ-hüquqi aktların qəbulu, təhsil standartlarının və proqramların hazırlanması üçün sahibkarlar, sahə və peşə assosiasiyaları ilə əməkdaşlıq, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alanların təhsil haqlarının müəyyən edilməsi, peşə təhsilinin qeyri-dövlət sektorunun dəstəklənməsi, peşə təhsili müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi, onun ləğvi kimi məsələlərin dövlət tərəfindən həyata keçirilməsi  nəzərdə tutulub.
İclasda çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev,  deputatlar Bəxtiyar Əliyev, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Sona Əliyeva, Musa Qasımlı qanun layihəsini təhsil sahəsində aparılan islahatlar çərçivəsində mühüm addım kimi dəyərləndirdilər. Bildirildi ki, sənəd, eyni zamanda, gənclərin peşə təhsilinə marağının artırılması istiqamətində önəmli rol oynayacaq. Bu gün dinamik inkişaf edən ölkəmizdə yeni sahələr yaradılır, müasir texnologiyalar tətbiq edilir və bununla bağlı müxtəlif peşələrə ehtiyac duyulur. Bu baxımdan da yeni qanun peşə təhsilinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Müzakirələrin sonunda “Peşə təhsili haqqında” qanun layihəsi, səsləndirilən fikirlər nəzərə alınmaqla, Milli Məclisin plenar sessiyasında birinci oxunuşda baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU