MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Noyabrın 16-da Mədəniyyət komitəsinin iclasında beş məsələyə baxıldı. Gündəlik barədə məlumat verən komitə sədri Rafael Hüseynov bildirdi ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından İnzibati Xətalar Məcəlləsində, “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında” “Televiziya və radio yayımı haqqında” qanunlarda dəyişikliklər edilməsi zərurəti meydana çıxıb.
Öncə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini ətraflı şərh etdi. Virtual məkanda təhlükəsizliyi qorumaq məqsədilə 2017-ci ilin mart ayında “Telekommunikasiya haqqında” qanunda edilən dəyişiklikləri yada saldı, qəbul edilmiş qaydaların pozulmasına görə müəyyənləşdirilən cərimələrdən bəhs etdi. Bildirdi ki, həmin qanunun tətbiqi ilə əlaqədar Məcəlləyə əlavə olunan 388-1-ci maddədəki müddəalara əsasən, internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək cərimə ediləcək.
Sonra “Televiziya və radio yayımı haqqında” qanuna təklif olunan dəyişikliklərdən bəhs edən Əli Hüseynli nəzərə çatdırdı ki, həmin dəyişikliklər bu qanunu İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi daşıyır.
İclasda gündəlikdəki digər qanun layihələri barədə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verdi. Bildirdi ki, Kütləvi informasiya vasitələri haqqında” qanunun 3-cü, 5-ci, 10-cu, 19-cu və 59-cu maddələrinə edilən dəyişikliklər əsasən texniki səciyyə daşıyır, qanunvericilik aktlarında uzlaşmanı təmin edir. Qanuna əlavə olunan 19-1-ci maddə isə internet informasiya ehtiyatına müraciəti tənzimləyəcək.
“Telekommunikasiya haqqında” qanunun 1.0.19-cu, 7.1-ci və 7.10-cu maddələrinə edilən dəyişikliklər də texniki xarakterlidir. Qanuna əlavə olunan 33.3-cü maddədə qeyd olunur ki, host provayder və internet provayderlər internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üçün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirməlidirlər.
Müzakirə zamanı Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Aqil Abbas, Novruzəli Aslanov, Gövhər Baxşəliyeva, Elşən Musayev fikir mübadiləsi apardılar. Günün reallıqlarından çıxış edərək qanunvericiliyə dair bir sıra təkliflər irəli sürdülər.
Yekunda komitə üzvləri baxılan qanun layihələrinin beşini də parlamentin plenar iclasına tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti