MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
16 noyabr 2017 | 04:11   
Paylaşın:        
Noyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirildi. 
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə 6 məsələ daxildir. Birinci məsələ “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsidir. Bu sahəni tənzimləyən qanun 1991-ci ildə qəbul olunmuş və hal-hazırda qüvvədədir. Birinci oxunuşda müzakirəyə təqdim olunan bu qanun layihəsinin qəbul olunması zərurəti isə ölkəmizdə keçirilmiş sonuncu Referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra yaranmışdır. Yeni qanun silahlı qüvvələrimizin hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanun layihəsi Konstitusiyamıza və digər hərbi qanunvericilik aktlarına uyğundur. Bu qanun qüvvəyə mindiyi gündən əvvəlki qanun qüvvədən düşəcəkdir. 
Qanun layihəsinin müzakirəsi zamanı deputatlar Fərəc Quliyev, Zahid Oruc, Aydın Mirzəzadə və Müdafiə Nazirliyinin nümayəndəsi Rauf Kişiyev çıxış edərək yeni qanunun üstünlüklərindən danışdılar. 
Müzakirələrdən sonra qanun  layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
İclasda deputatlar “1999-cu il 28 dekabr tarixində Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılmasına da razılıq verdilər. 
Sonra deputatlar “2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında”  məsələyə müsbət münasibət bildirdilər. Qeyd olundu ki, dəyişikliyə əsasən, tərəflər arasında əməkdaşlıq çərçivəsində mübadilə edilən məxfi məlumatın mühafizəsi ayrıca sazişin müddəaları ilə tənzimlənəcək.
Bildirildi ki, iclasın gündəliyinə daxil edilmiş növbəti 3 məsələ İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır və texniki xarakterlidir. Beləliklə, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında”, həmçinin  “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihələri də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildilər.
Bununla da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU