PARLAMENTDƏ “BEYNƏLXALQ CİNAYƏTLƏRİN QARŞISININ ALINMASI VƏ CƏZALANDIRILMASI SİSTEMİ: MİLLİ QANUNVERİCİLİK VƏ BEYNƏLXALQ HÜQUQ” MÖVZUSUNDA YEKUN MÜZAKİRƏLƏR KEÇİRİLDİ

Tədbirlər
17 noyabr 2017 | 08:11   
Paylaşın:        

Noyabrın 16-da Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda yekun müzakirələr aparıldı.
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri açaraq bildirdi ki, layihə Milli Məclis, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata  keçirilir.
Bahar Muradova layihənin uğurla reallaşması üçün Milli Məclisin Sədri Oqtay Əsədovun, parlament Aparatının rəhbəri Səfa Mirzəyevin göstərdikləri qayğı və dəstəyi xüsusi vurğulayaraq, onlara öz minnətdarlığını ifadə etdi. O, Prezident Administrasiyasına, Hərbi Prokurorluğa, hüquq-mühafizə orqanlarına əməkdaşlığa görə təşəkkürünü bildirdi, parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, işçi qrupunun rəhbəri Nizami Səfərovun əməyini qeyd etdi.
Vitse-spiker dedi ki, layihədə həm ölkə daxilində, həm də ölkə xaricində cinayətkarlara qarşı tətbiq olunacaq hüquqi mexanizmlər ehtiva olunub. Qeyd edildi ki, dünyada beynəlxalq cinayətləri törədənlərə qarşı prinsipial ardıcıl tədbirlər həyata keçirilir. Qanunun hazırlanmasında məqsəd  bu istiqamətdə milli qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir. Bu, Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasına yönəlmiş bir sənəddir.
Bahar Muradova Milli Məclis tərəfindən tərtib olunan “Xocalı soyqırımının dünyada tanıdılması: fəaliyyət və nəticələr” adlı sənədlər toplusunu tədbir iştirakçılarına təqdim etdi. Kitabda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə ölkə Prezidenti və Milli Məclisi tərəfindən 1992-2017-ci illərdə qəbul edilmiş sənədlər, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilmiş fəaliyyəti əks etdirən materiallar, eləcə də Xocalı soyqırımının tanınması ilə bağlı beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin icra və qanunvericilik orqanlarının qəbul etdikləri rəsmi sənədlər xronoloji ardıcıllıqla verilmişdir. Kitab Milli Məclisin Sədri Oqtay Əsədovun “Xocalı şəhidlərinin qanı yerdə qalmayacaqdır” sərlövhəli məqaləsi ilə başlayır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev təqdim olunan sənədi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ən uğurlu layihələrindən biri kimi dəyərləndirdi. O, Milli Məclislə Şura arasında səmərəli əməkdaşlığı təqdir etdi. Qanun yaradıcılığı prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasını və bu ənənənin davam etdirilməsini önəmli hesab etdi. Qeyd olundu ki,  Azərbaycana qarşı törədilən beynəlxalq cinayətləri nəzər alaraq, belə bir vacib qanunun hazırlanması böyük əhəmiyyət kəsb edir.
“Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin icraçı direktoru Elman Aslanov layihənin hazırlanması prosesi, icrası və təbliği ilə bağlı məlumat verdi. Bildirildi ki, sənəd üzərində işləyərkən bu sahədə beynəlxalq təcrübə öyrənilib və milli maraqlar nəzərə alınıb. Layihənin təşviqi istiqamətində müxtəlif bukletlər hazırlanıb, mətbuatda məqalələr dərc olunub, televiziyalarda müsahibələr efirə verilib.
Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov öz çıxışında söylədi ki, II Dünya müharibəsindən sonra hərbi cinayətlərə görə cəzasızlığın aradan qaldırılması məsələsi aktuallaşıb.  Beynəlxalq cinayətlərin təqibində əsas rol dövlətlərin üzərinə düşür. Bunu həyata keçirmək üçün müvafiq qanunvericilik mövcud olmalıdır. İnsanlıq əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmək baxımından təqdim olunan layihə tam zamanında hazırlanıb.
Diqqətə çatdırıldı ki, həm ölkə, həm də xarici mətbuatda layihənin tanıdılması ilə bağlı məqalələr dərc edilib. Cari ilin oktyabr ayında Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda geniş tədbir keçirilib. Bu, layihənin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Qanun layihəsi ətrafında aparılan müzakirələrdə deputatlar Tahir Kərimli, Asim Mollazadə, Hikmət Məmmədov, Elman Nəsirov, Hərbi Prokurorluğun idarə rəisi Emil Tağıyev, QHT təmsilçisi Sahib Məmmədov, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə öz fikirlərini açıqladılar. Bildirildi ki, bu, beynəlxalq əhəmiyyətli bir sənəddir. Eyni zamanda, Azərbaycanda baş verən terror aktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük önəm kəsb edir. Xüsusən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hüquqi müstəvidə mübarizə aparmağımıza yardım edəcəkdir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanun mükəmməl şəkildə hazırlanıb. Bu layihə onu göstərir ki,  Azərbaycanda beynəlxalq cinayət törədənlərə qarşı hüquqi mexanizmlər yaradılıb. Bu sənəd yalnız Dağlıq Qarabağda, o cümlədən,  Xocalıda törədilən soyqırıma görə deyil, eyni zamanda, bütün beynəlxalq cinayətlərə şamil edilir.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev öz çıxışında bu gün aktual olan bir məsələ ilə bağlı göstərdikləri təşəbbüsə görə Bahar Muradovaya və işçi qrupunun üzvlərinə təşəkkürünü bildirdi. Diqqətə çatdırıldı ki, bu layihə Azərbaycanın üzləşdiyi problemlə bağlıdır.
Dağlıq Qarabağ bizim ağrılı yerimizdir. Dünya təcrübəsi göstərir ki, münaqişələr zamanı törədilən cinayətlərdə hər iki tərəfin iştirakı nəzərə alınır. Sənəddə müharibə zamanı cinayət törədən insanların məsuliyyətə cəlb olunması nəzərdə tutulub. Qanunun məqsədi Azərbaycan dövlətinin öz mənafeyini qorumaqdan, cinayətkarların öz layiqli cəzalarını almasından  ibarətdir. Qeyd edildi ki, layihədə müharibə vaxtı edilən cinayətlər barədə söhbət gedir.
Aparat rəhbəri qanunda təsbit olunan bəzi məsələlər, o cümlədən beynəlxalq cinayətləri törədənlərin ekstradisiyasına toxundu. Bildirildi ki,  sənəddə bir sıra aktual hüquqi və siyasi problemlər əks olunub. Qanun layihəsi beynəlxalq standartlara cavab verir. Biz bu sənədi beynəlxalq hüquq ictimaiyyətinin nəzərinə çatdırmaq istiqamətində əməli addımlar ata bilərik.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU