MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
17 noyabr 2017 | 05:11   
Paylaşın:        

Noyabrın 17-də  Milli Məclisin  növbəti plenar  sessiyası  keçirildi. İclası  Milli Məclisin Sədri Oqtay Əsədov  aparırdı.
Gündəliyin təsdiqindən  sonra millət  vəkilləri  Əli Məsimli, Fazil Mustafa, Azay Quliyev, Zahid  Oruc, Xanhüseyn Kazımlı, Aydın  Mirzəzadə, Məlahət İbrahimqızı, Fərəc Quliyev, Qənirə Paşayeva, Siyavuş Novruzov, Novruzəli Aslanov, Zeynəb Xanlarova ölkə  gündəmindəki  məsələlərdən söz  açdılar.
Sonra  gündəlikdəki  sənədlərin müzakirəsinə  başlanıldı.
Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilk 10 məsələ - Vergi  və  İnzibati Xətalar məcəllələrində, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” sənədlərə edilən dəyişikliklər barədə  məlumat verdi. Qeyd edildi ki, qanun layihələri Vergi Məcəlləsinə dəyişikliklər  edilməsi barədə  2016-cı il  16 dekabr  tarixli 454-VQD nömrəli qanunun  tətbiqi ilə əlaqədar  hazırlanmışdır. Sənədlərə təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.
Dəyişikliklərə əsasən beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilməlidir. Bildirildi ki, dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə “Maliyyə  institutları  tərəfindən  məlumatların verilməsi”  adlı maddə əlavə edilir. Sənədlər ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul  edildi.
Sonra Ziyad Səmədzadə “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər edilməsi barədə danışarkən bildirdi ki, sənəd ödənişli yolların yaradılması ilə bağlı  zəruri  məsələləri  tənzimləmək məqsədi  ilə hazırlanmışdır. Bu yolların yaradılması ilə bağlı  digər  hüquqi  və  təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi  istifadə qaydası,  hər bir  nəqliyyat  vasitəsinin  gedişi  üçün ödənişin məbləği, avtomagistraldan  ödənişli yol kimi istifadə  edilməsi  barədə məlumatın forması, avtomagistraldan ödənişli əsaslarla istifadənin  dayandırılması və  xitam verilməsi  qaydası və s. halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı  tərəfindən  təsdiq  ediləcəkdir. Sənəd  səsvermə  yolu ilə təsdiqləndi.
Ziyad  Səmədzadə  sonra “Reklam haqqında” qanun layihəsində  dəyişikliklər  edilməsi  barədə məlumatı  diqqətə çatdırdı. Qeyd  olundu ki, sənəd  qanunvericiliyin  təkmilləşdirilməsi, açıq məkanda reklama  icazə alınması üçün  prosedurların  dəqiqləşdirilməsi,  reklam  yayımına  görə haqqın ödənilmə qaydaları və məbləği ilə bağlı məsələlərin  tənzimlənməsi məqsədi ilə hazırlanmışdır. Təklif olunan qanun  layihəsinə əsasən  ticarət, xidmət və digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət  növünü, ünvanını  və iş rejimini  istehlakçıya  çatdıran, sayı 1-dən, ölçüsü 2 kv.m-dən artıq  olmayan lövhələr  reklam daşıyıcıları  və  reklam hesab olunmayacaqdır. Bununla  da  hansı  məlumat lövhələrinin  reklam olub-olmaması ilə bağlı praktikada geniş rast gəlinən  qeyri-müəyyənliklər aradan qaldırılacaq. Sənəd  səsvermə yolu ilə  təsdiqləndi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət, Cinayət-Prosessual və İnzibati məcəllələrdə dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə ətraflı məlumat verdi. Qeyd  olundu ki, ölkə Prezidentinin  2016-cı il 28 dekabr tarixli  1182 nömrəli  Fərmanı ilə  “Dövlətə  məxsus olan hüquqi  şəxslərin  daxili və  xarici borclanması qaydası” təsdiq  edilmişdir. Həmin sənəddə müəyyən olunmuşdur ki,  dövlətə  məxsus olan kommersiya hüquqi şəxsləri, qeyri-kommersiya hüquqi şəxsləri, habelə publik hüquqi şəxslər, törəmə  təsərrüfat cəmiyyətləri daxili  və xarici  borcalmalar  zamanı  müəyyən prosedurlara  riayət  etmək şərti  ilə  Maliyyə  Nazirliyinin  razılığını  almalıdırlar.
Bu cür borcalmalar razılıq  alınmadan  aparıldıqda  dövlətə bu və ya  digər  dərəcədə ziyan vurma  riski yaranır. Təklifin  əsas mahiyyəti sözügedən Fərmanda qeyd olunan  qaydaların  pozulmasına  görə cinayət və inzibati məsuliyyət  müəyyən  edən  normaların  formalaşdırılmasından  ibarətdir. İclasda sənəd təsdiqləndi.
Əli Hüseynli gündəlikdəki digər 3 məsələ - Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında” qanun layihələrində dəyişiklik edilməsi haqqında sənədləri şərh  etdi. O, bildirdi ki, bu qanun layihələrində dəyişikliklər daşınmaz əmlaka sərəncam verilməsi sahəsində mexanizmlərin daha da təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə aparılmışdır.  Belə ki,  daşınmaz  əmlakın  dövlət  reyestri  “Elektron  hökumət” portalına inteqrasiya ediləcək. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı real vaxt rejimində  əldə etmək mümkün olacaq. Bununla  da  daşınmaz əmlak  üzərində  sərəncamların verilməsi daha operativ şəkil  alacaqdır. Qanun  layihələrində  notarial  hərəkətlərin aparılması zamanı, bununla əlaqədar xidmətlərin  göstərilməsi üçün lazımi məlumatlar və sənədləri elektron sorğular göndərərək elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək hüququnun müəyyən edilməsi ilə bağlı məsələlər öz həllini tapmışdır. Hər  3 sənəd  ayrı-ayrılıqda  səsə  qoyularaq təsdiq  edildi.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsindəki dəyişikliyi şərh edərkən bildirdi ki, “İnzibati  xətalar haqqında  işlər  üzrə icraat  zamanı prokuror nəzarəti”  maddəsi var. Təklif  olunur  ki, məcəllənin 534 və 538-ci  maddələri də bu kateqoriyaya  aid  edilsin.  Qeyd  edilən maddələr  üzrə  nəzərdə  tutulan inzibati  xətalar - uyğunluğun qiymətləndirilməsi sahəsində  akkreditasiya  qanunvericiliyinin  tələblərinin pozulması hallarında qərarın qəbul  edilməsi prokurorun  səlahiyyətlərinə  aid  edilir. Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
Sonra Əli Hüseynli gündəlikdəki növbəti  5  məsələ  barəsində  fikirlərini təqdim etdi. Cinayət və İnzibati Xətalar Məcəllələrinə,  “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında, 2005-ci il 28 iyun tarixli  961-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında, eləcə  də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə sənədlərdəki  dəyişikliklərin mahiyyəti “Narkotik  vasitələrin,  psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz  dövriyyəsinə və  narkomaniyaya  qarşı mübarizəyə dair  2013-2018-ci illər  üçün Dövlət  Proqramı”nın icrası  üzrə qanunvericiliyin  təkmilləşdirilməsi ilə bağlıdır. Bu  sənədlər  də ayrı  ayrılıqda  səsvermə  yolu ilə  təsdiqləndi.
 Sonra Əli Hüseynli “Prokurorluq haqqında” qanuna dəyişikliklər edilməsi barədə  layihəni təqdim etdi. Bildirildi ki, qanun  layihəsinə  edilən  dəyişiklik  Avropa  Şurasının  “Korrupsiyaya  qarşı  dövlətlər  qrupu”nun (GRECO) təklifi  ilə  aparılıb. Qanunun  43  və 44-cü  maddələrində  aparılan  dəyişikliyin əsas mahiyyətinə görə söhbət  nəzarətdən deyil məlumatlandırmadan  gedir. Dəyişikliklər  qanunvericiliyin  təkmilləşdirilməsi məqsədi ilə aparılır. Sənəd səsə  qoyularaq  təsdiqləndi.
Mülki Məcəlləyə edilən dəyişikliyi şərh edən Əli Hüseynli bildirdi ki, qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır. Belə ki,  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda “məlumatlandırma icraatının  tətbiq edilməsi sifarişli poçt göndərişi və ya bilavasitə həyata  keçirilməlidir” ifadəsi qeyd olunur.  Bu ifadə  eyniliklə Mülki Məcəllədə  də öz əksini tapır. Sənəd  səsvermə  yolu ilə qəbul edildi.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim etdi. Bildirildi ki, Məcəllədəki 342.1.2 maddəsində nəqliyyat vasitələrini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat miqdarında cərimə nəzərdə  tutulur.  Təcrübə onu  göstərir ki, bu maddə  tətbiq olunmur və bu səbəbdən həmin maddə  və digər 345.2 maddə Məcəllədən çıxarılır. Bu dəyişikliklərdən sonra banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul  edərkən  müvafiq  icra  hakimiyyətinin  icazəsinin alınmasına da ehtiyac olmayacaq. Qanun layihəsi  səsvermə  yolu ilə  təsdiq  edildi.
“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında”  qanun layihəsi barədə məlumat verən  Əli Hüseynli bildirdi ki, bu sahədə texniki problemlərlə  əlaqədar qanunun  qüvvəyə minmə  tarixi  dəyişilir.  Təklif  olunur ki, yeni nəsil  şəxsiyyət  vəsiqələrinin  tətbiqi müddəti 2019-ci ilə keçirilsin. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Əli Hüseynli  “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumatı diqqətə çatdırdı. Bildirildi ki, “Rəşadət” ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, müstəqilliyimizin, ərazi bütövlüyünün və təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətləri olan,  əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik edənlər, Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərənlər, həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borc və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətləri, fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində, dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətləri olan insanlar təltif ediləcəklər. Sənəd yekdilliklə  təsdiqləndi.
Daha  sonra Əli Hüseynli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Düzəlişin mahiyyəti ondan ibarətdir ki,  prokurorluq  işçilərinin  attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi “Prokurorluq  orqanlarında qulluq keçmə haqqında”  qanunla  müəyyən  edilmiş qaydada və hallarda  həyata keçirilir. Təqdim edilən qanun layihəsi prokurorluq işçilərinə işlədiyi müddətdə nəzəri biliklərinin və peşə hazırlığının bu müddətdə nəzərdə tutulmayan başqa  hallarda  imtahanların keçirilmə təcrübəsinin  tətbiq  edilməsinin  yolverilməzliyi məqsədi ilə  hazırlanmışdır. Sənəd səsvermə ilə qəbul olundu.
Bununla  da  Milli Məclis  öz işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU