HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
17 noyabr 2017 | 05:11   
Paylaşın:        

Noyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi  müzakirə olundu.
Komitə sədri Əli Hüseynli diqqətə çatdırıldı ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub. Məcəllənin bir sıra maddələrinə zəruri düzəlişlər edilib. Bildirildi ki, təklif olunan düzəlişlər ölkədə tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılmasına yönəlib. Belə ki, hazırda inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı,  mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi  çatışmazlıqlar mövcuddur. Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qayda dünya təcrübəsində tətbiq olunur və milli qanunvericilikdə də öz əksini tapmalıdır.
Qeyd edildi ki, təqdim olunan qanun layihəsi daşınmaz əmlaka sərəncam verilməsi və onun dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədi ilə hazırlanmışdır.
Nəzərə çatdırıldı ki, tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır. Təminat qeydinin aparılmasının xüsusiyyətləri Mülki Məcəllənin 147-ci maddəsi ilə müəyyən olunur. Burada nəzərdə tutulan “qabaqcadan qeydiyyat” institutu təkmilləşdirilərək “torpaq sahəsi barədə təminat qeydi” institutu olaraq formalaşdırılmışdır. Mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparacaqdır. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçirilir.
Qanun layihəsinin üstünlüklərindən biri də tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyinin qoyula bilməməsi ilə bağlıdır. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir.
Deputatlar Çingiz Qənizadə, Fəzail Ağamalı, Tahir Kərimli, Vüsal Hüseynov, Elşən Musayev, Qüdrət Həsənquliyev, Ədliyyə Nazirliyi Notariat idarəsinin rəisi Mehman Soltanov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Elçin Usub qanun layihəsinin aktuallığından danışdılar. Nəzərdə tutulan  dəyişikliklərin vətəndaşların mülkiyyət hüququnun qorunması baxımından məqsədəmüvafiq olduğunu söylədilər, bir sıra təkliflər verdilər.
İclasın sonunda qanun layihəsinin işçi qaydada bir daha nəzərdən keçirilməsi və Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alındı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU