Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıldı
Noyabrın 21-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər qanun layihələri müzakirəyə çıxarıldı.
İclasda Baş nazir Artur Rəsizadə və hökumət üzvləri iştirak edirdi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının 2018-ci il üçün dövlət büdcəsi layihəsidir.
Sədr diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş iqtisadi inkişaf strategiyası son illər dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar ölkəmizdə makroiqtisadi sabitlik üçün yaranan təhlükələrin qarşısını almağa imkan vermişdir.
2017-ci il ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qalacaqdır. Bu hadisələrdən biri iki ay öncə “Azəri-Çıraq-Günəşli” neft və qaz yataqları blokunun işlənilməsinə dair sazişin müddətinin 2050-ci ilədək uzadılması, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olmuşdur. Həmin layihələr Azərbaycanın gələcək siyasi və iqtisadi dayanıqlığı üçün möhkəm zəmin yaratmışdır.
Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfinə daxil olan sənədlər ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri əks etdirir. Son illər ölkə iqtisadiyyatında baş verən önəmli hadisələrdən biri büdcə gəlirlərində qeyri-neft sektorunun payının təqribən 50 faizə çatması olmuşdur. Əgər qeyri-neft sektorunun mühüm hissəsi olan kənd təsərrüfatı istehsalının 2021-ci ilədək bütün vergilərdən azad edildiyi nəzərə alınarsa, bu göstəricinin arxasında nə qədər böyük bir potensialın dayandığını təsəvvür etmək olar.
Sədr bildirdi ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, eləcə də biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun inkişaf etdirilməsi, maliyyə bazarının təkmilləşdirilməsi və digər sahələrdə həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına gətirib çıxarmışdır. Bunu qeyd etmək kifayətdir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan həmin göstəriciyə görə iki pillə də irəliləyərək, dünyanın 140 dövləti arasında 35-ci yerə yüksəlmiş, MDB ölkələri arasında isə liderliyini qoruyub saxlamışdır.
Qeyd olunmalıdır ki, 2018-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunmuşdur. Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,3 milyard manat, xərcləri isə 3 milyard manat çox olacaqdır. Bütün bunlar iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaqdır.
Əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü saxlanılır. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin xüsusi çəkisi 33,5 faiz və ya 7 milyard manat proqnozlaşdırılır. Bu, 2017-ci ilə nisbətən 2,2 faiz çoxdur.
Sədr qeyd etdi ki, 2018-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Komitə iclaslarında 35-dən çox millət vəkili çıxış etmişdir. Hesablama Palatası da büdcə zərfi barədə müsbət rəyini bildirmişdir. Sədr plenar iclaslarda aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini ifadə etdi.
Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, 2017-ci ildə ölkəmizin iqtisadiyyatında baş vermiş mühüm hadisələr 2018-ci ildə onun daha da inkişaf edəcəyinə inamı artırır.
Azərbaycan dövləti 2017-ci ildə heç bir sosial proqramın icrasını dayandırmamış, valyuta ehtiyatlarını artırmış, tədiyyə balansının göstəricilərini yaxşılaşdırmışdır. Dövlət büdcəsinin gəlirləri 2017-ci il üzrə təsdiq olunmuş proqnozla müqayisədə 20 faiz çoxdur. Bu kifayət qədər böyük artımdır.
Vergilər Nazirliyi və Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmalar yüksək səviyyədə yerinə yetirilmişdir.
2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım proqnozlaşdırılır. Azərbaycan dünyada ən az borcu olan 10 ölkədən biridir. Ölkədə borcalma strategiyası hazırlanıb. Bununla yanaşı, kommersiya banklarına inam artırılmalı və banklarla əhali arasında konsensus yaradılmalıdır. Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində götürülməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək.
Bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik.
Sonra Ziyad Səmədzadə aparılan təhlillərdən danışdı və qeyd etdi ki, son 10 ildə Dövlət Neft Fondundan 76 mlrd. dollar transfert etmişik və bu olmasaydı Azərbaycan risklərlə üzləşə bilərdi.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır. Bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2,621 milyard manat və ya 15 faiz çoxdur.
Nazir bildirdi ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür.
Bildirildi ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barrel səviyyəsində götürüləcək ki, bu da 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barrel çoxdur.
Nazir diqqətə çatdırdı ki, 2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 milyard manat və ya 16,5 faiz artıqdır. 2018-ci il üçün büdcə kəsiri 778,7 milyon manat həcmində nəzərdə tutulub.
Bildirildi ki, Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23223,2 milyon manat məbləğində proqnozlaşdırılır.
Gələn ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərin makroiqtisadi proqnozları və qlobal iqtisadi prosesləri nəzərə alınıb.
Nazir dedi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri ötən müddətdə hədəflənən nəticələrə nail olunduğunu göstərir. Belə ki, məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə 2,5 faizlik real artıma nail olunub. Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib. O cümlədən dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması, valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ölkəyə valyuta axınının artması, digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcənin kəsiri 12 faiz bənd azalıb.
Samir Şərifov 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını qeyd etdi.
Çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, Maliyyə Sabitliyi Şurası tərəfindən təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq ötən dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, o cümlədən valyuta bazarının tarazlaşdırılması, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasətində və dövlət satınalmalarında idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb.
Nazirin sözlərinə görə, artıq neçə illərdir ki, aparılan bu islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyib, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biri olub.
Ş.Mustafayev əlavə etdi ki, sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülməklə, növbəti ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması proqnozlaşdırılıb. Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-in 1,5%, növbəti illərdə isə orta hesabla 3,5% artacağı proqnozlaşdırılır.
Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15,9 mlrd. manat, xarici investisiyaların 7,7 mlrd. manat, daxili investisiyaların 8,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Neft sektoruna 6,4 mlrd. manat, qeyri-neft sektoruna isə 9,5 mlrd. manat investisiya yatırılacağı gözlənilir. 2018-ci ildə dövlət investisiya xərcləri 4,9 mlrd. manat olmaqla, əsasən ölkə üçün əhəmiyyətli olan infrastruktur layihələrinin, o cümlədən təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi və sosial təminatı layihələrinin icrasına yönəldiləcək.
Nazir qeyd etdi ki, qeyri-neft sənayesinin stimullaşdırılmasında sənaye və texnologiyalar parkları və sənaye məhəllələri mühüm rol oynayır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, layihələrinin ümumi dəyəri 1,8 mlrd. dollar olan 13 müəssisəyə rezident statusu verilib. Bunlardan 2 müəssisə artıq fəaliyyət göstərir, 4 müəssisə bu il, gələn il isə daha 5 müəssisə fəaliyyətə başlayacaq.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki, 2017-ci il iqtisadi quruculuq tariximizdə milli iqtisadiyyatın yeni neft qiymətlərinə əsasən uyğunlaşması, makroiqtisadi sabitliyin bərqərar olması və postneft dövrünə keçidin başlanması ilə yadda qalacaq.
Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən formalaşdırılan makroiqtisadi sabitlik siyasəti çərçivəsində mühüm siyasət istiqamətlərinin sıx koordinasiyası artıq 2017-ci ilin I rübündə ilk nəticələrin əldə olunmasına və sonrakı dövrdə bunun inkişaf etdirilməsinə şərait yaradıb. Reallaşdırılan kompleks makroiqtisadi tədbirlər, ilk növbədə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi, çevik məzənnə rejiminə keçid ölkənin xarici tədiyyə balansının tarazlaşmasına şərait yaradıb. Tədiyyə balansında profisit cari ildə bərpa olunub, tədiyyə balansının cari əməliyyatlar hesabında 2016-cı ildə 1,4 milyard dollarlıq kəsir olmuşdusa, cari ilin 9 ayında 1,1 milyard dollarlıq profisit qeydə alınıb. İdxalın azalmasına paralel olaraq qeyri-neft ixracının güclənməsi tədiyyə balansına müsbət təsir edir. Qeyri-neft ixracı 9 ayda təxminən 31% artıb. Ticarət balansı ilə yanaşı, xidmət balansı üzrə də pozitiv meyllər müşahidə edilir. Turizm xidmətlərində isə artıq müsbət saldo yaranıb. Nəticədə cari ildə strateji ehtiyatlar təxminən 12%, o cümlədən Mərkəzi Bankın ehtiyatları 31% artaraq ölkənin strateji valyuta ehtiyatları 42 milyard dolları ötüb.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi ilə bağlı palatanın rəyini açıqladı. Bildirildi ki, növbəti ilin dövlət büdcəsinin xərclərini fərqləndirən əsas məqamlardan biri odur ki, 2018-ci ildə son illərdə azalma ilə proqnozlaşdırılmış dövlət investisiya xərclərində nəzərəçarpacaq artım proqnozlaşdırılıb. Bu da büdcə gəlirlərinin və iqtisadi aktivliyin gücləndirilməsində mühüm rol oynayacaq.
Bildirildi ki, növbəti ildə dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyət göstərən bir sıra dövlət idarəetmə təşkilatlarının saxlanmasına növbəti ildən vəsait nəzərdə tutulmayıb. Gələn ilin dövlət büdcəsində ilk dəfə olaraq “İşsizlikdən sığorta haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb. Büdcənin 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkəmizdə borc dayanıqlığının mövcud olduğunu göstərir. Növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) azalma ilə proqnozlaşdırılıb. Bu isə növbəti illərdə dövlət borclanmasının və şərti öhdəliklərin artım tempinin azalmasına münbit şərait yaradacaq.
Müzakirələr zamanı çıxış edən deputatlardan Fazil Mustafa, Siyavuş Novruzov, Aqiyə Naxçıvanlı, Zahid Oruc, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Elmira Axundova, Fərəc Quliyev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Fəzail Ağamalı, Əli Məsimli və Vahid Əhmədov 2018-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini açıqladılar, öz qeyd və təkliflərini verdilər. Çıxışlarda qeyd edildi ki, müzakirəyə təqdim olunan sənəd dünyada davam edən iqtisadi böhran şəraitində risklər nəzərə alınmaqla peşəkarlıqla hazırlanmışdır.
İclasın sonunda müzakirələrin sabah davam etdirilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti