MİLLİ MƏCLİSDƏ BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR

Tədbirlər
22 noyabr 2017 | 07:11   
Paylaşın:        

Noyabrın 22-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə  parlament “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdi.
Gündəlikdəki məsələ ətrafında çıxış edən deputatlar Musa Qasımlı, Yevda Abramov, Kamilə Əliyeva, Şahin İsmayılov, Eldar Quliyev, Jalə Əliyeva, Əhliman Əmiraslanov, Çingiz Qənizadə, Azər Badamov, Elçin Quliyev, Fuad Muradov, Eldar İbrahimov, Bahar Muradova, Azay Quliyev, Şəmsəddin Hacıyev 2018-ci ilin büdcə layihəsini yüksək dəyərləndirdilər.
Layihə peşəkarlıqla hazırlanmış mükəmməl sənəd adlandırıldı. Qeyd olundu ki, gələn ilin dövlət büdcəsi ölkə daxilindəki mövcud reallıqlar, maliyyə-iqtisadi sahədə dünya miqyasında gedən proseslər nəzərə alınmaqla tərtib olunmuş sosialyönümlü, uğurlu və həssas büdcədir. Deputatlar Maliyyə Nazirliyi başda olmaqla 2018-ci ilin büdcə zərfinə daxil olan sənədləri yüksək səviyyədə hazırlamağa nail olmuş hökumət qurumlarına təşəkkürlərini bildirdilər.
Çıxışlarda vurğulandı ki, Azərbaycan Prezidentinin yürütdüyü  çevik və uzaqgörən siyasət sayəsində ölkəmizdə irimiqyaslı işlər görülüb, neftdən asılılıq aradan qaldırılıb, qeyri-neft sektoru sürətlə inkişaf edir, bölgələrdəki sosial-iqtisadi tərəqqinin müsbət nəticələri göz önündədir. Bu yaxınlarda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın iqtisadi qüdrətini artıracaq, beynəlxalq aləmdə müsbət imicini daha da möhkəmləndirəcək. Ölkədə yaradılan azad sahibkarlıq zonaları və sənaye parkları mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatında ciddi islahatlar aparılıb, qida təhlükəsizliyi istiqamətində böyük işlər görülüb, ərzaq təminatı məsələsində xaricdən asılılıq azalıb. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq gələn il 33 rayon özünümaliyyələşdirmə imkanına malik olacaq.
 Müzakirə zamanı deputatlar son illər ölkəmizdə qazanılmış uğurlarla yanaşı təmsil etdikləri bölgələrdəki çatışmazlıqları da hökumət üzvlərinin diqqətinə çatdırdılar. Bir sıra kənd rayonlarında yolların abadlaşdırılması və qaz çəkilməsi, gənclər evləri tikintisinin davam etdirilməsi, əhalinin sağlamlığını təmin etmək məqsədilə səhiyyə sahəsində zərurət duyulan avadanlığın alınması və digər səhiyyə tədbirlərinin icrası üçün büdcədən əlavə maliyyənin ayrılması, tələbələrin yataqxana ilə təminatına və təhsil haqqı ödənişi ilə bağlı problemə diqqət yetirilməsi, keyfiyyətli film yaradıcılığı üçün lazımi məbləğdə vəsait ayrılması, QHT-lərin fəaliyyətinə dövlətin maliyyə dəstəyinin artırılması və digər mühüm məqamlar önə çəkildi.
Milli Məclis Sədrinin müavini Bahar Muradova diqqəti insan kapitalının inkişafına dair məsələlərə yönəltdi. Ölkədə hakimlərin və vəkillərin sayının artırılması vacibliyini önə çəkdi. Müxtəlif obyektlərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin evlə təminatı zərurətindən bəhs etdi.
Fasilədən sonra iclasda deputatlar Rəşad Mahmudov, Əflatun Amaşov, Tahir Kərimli, Ziyafət Əsgərov, Rafiq Məmmədhəsənov, Valeh Ələsgərov, Aydın Hüseynov, Sahib Alıyev, Ağalar Vəliyev, Flora Qasımova çıxış etdilər.
Büdcə layihəsi dayanıqlı inkişafa əsaslanmış təmkinli maliyyə sənədi adlandırıldı. Seçicilərinin qayğılarını önə çəkən deputatlar ölkədə dəmiryolu şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması,  məktəb təmiri və tikintisi, səhiyyənin problemləri, ucqar rayonlarda qazlaşdırmanın vacibliyi və s. kimi məsələlərə toxundular. 
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd etdi ki, 2018-ci il üçün dövlət büdcəmiz dünya bazar iqtisadiyyatı konyukturası və iqtisadi risklər nəzərə alınmaqla tərtib olunub, çox təmkinlidir. Müxtəlif rayonlar üzrə müxtəlif sahələri balanslaşdırma, proporsiya yaratma çox çətin işdir. Hökumətimiz bu işin öhdəsindən bacarıqla gəlib.
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov gələn ilin  dövlət büdcəsində neftin qiymətinin 1 barelin 45 ABŞ dolları məbləğində hesablanmasına dair fikirlərini bölüşdü. Son illər neftin qiyməti ilə bağlı dünya praktikasında mövcud olan vəziyyətdən danışdı. Azərbaycan hökumətinin proqnozunu əsaslandırılmış və düzgün proqnoz hesab etdiyini vurğuladı.  
Müzakirələrə yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, komitə iclaslarında 37, plenar iclaslarda 44 deputat 2018-ci ilin dövlət büdcəsinin layihəsinə dair fikirlərini açıqlayıb, təkliflərini diqqətə çatdırıb. Digər deputatlar da çıxışlarını yazılı olaraq katibliyə təqdim edə bilərlər. 
Sonra iclasda Maliyyə naziri Samir Şərifov, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə səslənmiş fikirlərə münasibət bildirdilər. Maliyyə naziri parlamentdə aparılan səmərəli müzakirələrə, aktual təkliflərə görə Milli Məclisin rəhbərliyinə və üzvlərinə təşəkkürünü çatdırdı. Hökumət üzvləri YAP-ın 25 illik yubileyi münasibəti ilə təbriklərini də səsləndirdilər. 
İclasın yekununda Milli Məclisin Spikeri Oqtay Əsədov bildirdi ki, sabah plenar iclasda büdcə zərfinə daxil olan digər məsələlər müzakirə olunacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU