MİLLİ MƏSLİSDƏ DÖVLƏT BÜDCƏSİ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI
Noyabrın 23-də Milli Məclisin plenar iclasında 2018-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov iclasa Milli Məclisin və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları haqqında məsələlərin müzakirəsi ilə başlanılmasını təklif etdi. Əvvəlcə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin gələn ilki xərclər smetası barədə məlumatı diqqətə çatdırdı. Bildirildi ki, gələn ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 24 milyon 232 min 055 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının ümumi dəyərinin 68,8 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2018-ci il üçün xərclər smetası barədə məlumat verdi. Bildirildi ki, dövlət büdcəsindən Hesablama Palatasının gələn ilki xərclər smetası üçün, ümumilikdə 3 mln. 852 min manat vəsait nəzərdə tutulur ki, bu 2017-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,8 faiz çoxdur. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 82 faizi əməyin ödənilməsini təşkil edir. Qeyd olundu ki, Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsi barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Komitə sədri vurğuladı ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət strategiyası əsas inkişaf proqramlarının uğurlu icrasına təminat verir.
Hadı Rəcəbli bildirdi ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi”ndə mədaxil və məxaric xərcləri 3 milyard 578 milyon 760 min manat təşkil edir. Gəlirlərin böyük bir qismi - 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqqları hesabına formalaşır. Bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlardan deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqqları 60 milyon manata çatdırılmışdır. Bu da onu göstərir ki, ötən illə müqayisədə bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar özünü göstərir. Vurğulandı ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin təxminən 3,5 milyard manatı yəni 98 faizə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaqdır.
Qeyd olundu ki, gələn ilin büdcə zərfinə yeni bir sənəd -“İşsizlikdən sığorta fondunun büdcəsi” haqqında qanun layihəsi də əlavə edilib. Bu qanun yeni iş yerlərinin yaradılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrə məşğulluq sisteminin köklü təkmilləşdirilməsi sahəsində irəliləyişlərə xidmət edir. Son iki ildə orta və kiçik sahibkarlığın inkişafi ilə bağlı aparılan davamlı siyasət ölkəmizdə 100 minlərlə yeni iş yerlərinin yaradılmasına xidmət etmiş, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesində sahibkarlıq fəaliyyəti geniş vüsət almışdır. Bu ilin aprel ayında ölkə başçısının sərəncamı ilə ilk dəfə respublikamızda özünüməşğulluq sistemi formalaşmış və bu məqsədə 16 milyon manat vəsait ayrılmışdır. Məşğulluq xidmətinin fəaliyyəti köklü olaraq dəyişdirilmiş, burada yeni faydalı istiqamətlər müəyyənləşdirilmişdir.
İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi 90 milyon manata yaxındır. Fondun mədaxil hissəsi büdcədən maliyyələşən təşkilatlar hesabına bu məbləğin 17 milyon 726 min manatını təşkil edəcək. Fondun başlıca məqsədi aktiv məşğulluğun təmin olunmasıdır. Bu büdcənin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə yönələcək. Peşə hazırlığı, peşə yönümünün dəyişməsinə 1,6 milyon, haqqı ödənilən ictimai işlərin təşkilinə isə 1,8 milyon manat vəsait ayrılacaqdır.
İclasda müzakirəyə çıxarılmış məsələlərlə əlaqədar çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, hazırda ölkə Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.
Onun sözlərinə görə, ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində aparılan sürətli islahatlar qısa müddətlə öz uğurlu nəticəsini göstərmiş, ölkəmizin yeni şəraitə uyğun tərəqqisi üçün etibarlı zəmin yaranmışdır. Qeyd olundu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi növbəti ildə ölkə əhalisinin əhəmiyyətli bir hissəsini təşkil edən pensiyaçılar üzrə sosial ödənişlərin icrasında vacib rol oynayacaq. Fondun gələn il üçün büdcə layihəsinin tərtibi çoxfaktorlu proqnozlaşdırma modellərinə söykənir. Nazir müavini bildirdi ki, cari ilin ötən dövründə ölkə iqtisadiyyatının inkişaf meylləri, növbəti illərdə sosial-iqtisadi inkişafın əsas-proqnozları, əhalinin gəlirləri, məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri və digər amillər əsas götürülmüşdür.
Fasilədən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə məlumat verdi. Bildirildi ki, hesablamalara görə 2018-ci il üçün ölkə üzrə yaşayış minimumu proqnozu 173 manat müəyyən edilir. Komitə sədri ildən-ilə ölkə üzrə yaşayış minimumu göstəricisinin artmasını yüksək qiymətləndirdi.
İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Qənirə Paşayeva, Musa Quliyev, Kamilə Əliyeva, Tahir Kərimli, Əflatun Amaşov, Tahir Mirkişili, Sədaqət Vəliyeva, Fazil Mustafa. Elman Nəsirov gələn ilin büdcə zərfinə daxil olan sənədlər barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova millət vəkillərini maraqlandıran suallara cavab verdilər.
İclasda Hadi Rəcəbli “Azərbaycanın 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsini təqdim etdi. Cari ildə olduğu kimi gələn ildə də ölkə üzrə ehtiyac meyarının həddi 116 manat nəzərdə tutulduğu vurğulandı.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bununla da müzakirələr başa çatır. Bildirildi ki, dekabrın 1-də keçiriləcək növbəti iclasda ölkənin 2018-ci il üçün dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər səsverməyə çıxarılacaq.
Milli Məclisin
Mətbuat xidməti