ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
24 noyabr 2017 | 05:11   
Paylaşın:        

Noyabrın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, müzakirəyə Əmək Məcəlləsində, “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri təqdim olunub. Qeyd edildi ki, sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə göndərilib.
Diqqətə çatdırıldı ki, “Həmkarlar İttifaqları haqqında” qanunun 20-ci maddəsinin ikinci hissəsinə edilən dəyişikliyə əsasən, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqlarından üzvlük haqlarının tutulmasını təmin edir. 
“Məşğulluq haqqında” qanunun 29.2-ci müddəasının yeni redaksiyasında bildirilir ki, qanun pozuntularında təqsirkar olan şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Qüvvədə olan variantda cinayət məsuliyyəti nəzərdə tutulmurdu.
Əmək Məcəlləsinin bəzi maddələrində isə “təhqiq edilməsi”, “təhqiqatın aparılması” ifadələri daha uyğun olan “araşdırılması” sözü ilə əvəz olunur.
Komitə üzvləri təklif edilən dəyişikliklərin məqsədəmüvafiq olduğunu söylədilər və hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
İclasda habelə, qeyd edildi ki, komitə tərəfindən hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı bir sıra konstruktiv təkliflər səsləndirilib. Verilən təkliflər nəzərə alınıb, qanun layihəsinə bir sıra düzəlişlər edilib və bu istiqamətdə işlər davam etdirilir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU