AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 28-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov gündəlikdəki məsələlərlə bağlı məlumat verdi.
Əvvəlcə Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədə baxıldı. Qeyd olundu ki, dəyişikliklərə əsasən torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların hesablarına köçürüləcək.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə gündəlikdəki növbəti 4 məsələ - “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Taxıl haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri birlikdə təqdim etdi. Qeyd olundu ki, bu qanun layihələrində olan dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə edilib. Belə ki, qanun layihələrində müəyyən edilmiş sahələrlə bağlı nöqsanlar üzrə inzibati məsuliyyətlər müəyyən edilərək sadalanır.
Sonra “Torpaqların münbitliyi haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı məsələlərə baxıldı. Bildirildi ki, bu sənədlərdəki dəyişikliklərin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının, bununla bağlı baş verən fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsindən ibarətdir.
Millət vəkilləri Tahir Süleymanov, Aydın Hüseynov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Hüseynbala Mirələmov, Mahir Aslanov, İqbal Məmmədov və Elçin Quliyev müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildirdilər.
Ətraflı fikir mübadiləsindən sonra sənədlərin Milli Məclisin plenar iclasının gündəliyinə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti