MİLLİ MƏCLİSİN YAZ SESSİYASİ BAŞA ÇATDI
Mayın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov deputatlar qarşısında çıxış edərək Azərbaycanda yüksək səviyyədə keçirilən “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin təşkili və digər məsələlərlə bağlı ətraflı məlumat verdi: “Bir neçə gün öncə Azərbaycan “Eurovision-2012” beynəlxalq mahnı yarışmasına ev sahibliyi etdi. Bu möhtəşəm tədbirdə Avropanın 42 ölkəsinin təmsilçisi iştirak etdi və bütün müşahidəçilər bu yarışmanın çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Bir çox iddiaların əksinə olaraq, Azərbaycan qısa bir zaman ərzində bu tədbirlə bağlı hazırlıq işlərini yüksək səviyyədə başa çatdırdı.
Müsabiqənin keçirilməsi üçün tikilən “Baku Crystall Hall” istifadəyə verildi, Dənizkənarı Milli Parkda əsaslı yenidənqurma işləri aparıldı və nəticədə tədbir uğurla başa çatdı. Bununla əlaqədar olaraq, parlament adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, eyni zamanda deputat həmkarımız, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, sözügedən tədbirin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik. Bu tədbir təbii ki, dostlarımızı, bizi istəyənləri sevindirdi, eyni zamanda ilk gündən bu tədbirlə bağlı mənfi rəy söyləyənləri, qaralama kampaniyası aparanları bir daha məyus etdi. Bu, sadəcə, onların Azərbaycanın inkişafına olan qısqanclığından irəli gəlirdi”.
Sonra Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə toxunaraq qeyd etdi ki, o, ötən həftənin şənbə günü bununla bağlı fikirlərini və etirazını Avropa Parlamentinin Sədri Martin Şultsa ünvanladığı məktubda ifadə edib: “Mən həmin məktubumda da qeyd etmişəm ki, Avropa Parlamentinin belə bir tələsik iclas keçirməsi və Azərbaycanla bağlı heç bir əsası olmayan qətnamə qəbul etməsi ölkəmizin inkişafına qarşı qısqanclığın və qərəzin əyani sübutudur. Hələ ulu öndərimiz Heydər Əliyevin zamanından Azərbaycanda insan hüquqları və demokratiya məsələləri ölkənin ən mühüm prioritetlərindən biri kimi qəbul olunub və bu gün də olunmaqdadır. Heç təsadüfi deyil ki, Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının bərabər hüquqlu üzvüdür. Ölkəmiz 2001-ci ilin yanvarından bu qurumda tam və bərabərhüquqlu üzv kimi aktiv şəkildə fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında Əməkdaşlıq Komitəsi mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq, ötən il Avropa Parlamentinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın yaxından iştirakı və təsisçiliyi ilə “Avronest” Parlament Assambleyası yaradılıb və bir müddət öncə Azərbaycan bu qurumun 2-ci sessiyasına yüksək səviyyədə ev sahibliyi edib. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın inkişafını götürməyən bəzi dairələr, o cümlədən erməni lobbisi və onun təsiri altına düşmüş bəzi Avropa parlamentinin nümayəndələri ölkəmizə qarşı qaralama kampaniyasından əl çəkmirlər. Məhz bu səbəbdən də, Avropa Parlamenti Azərbaycana qarşı son dərəcədə əsassız və qərəzli bir qətnamə qəbul edib. Şəxsən öz adımdan bu qətnaməni pisləyir və onu Azərbaycana qarşı qərəzin nümunəsi kimi qiymətləndirirəm”.
Çıxış edən deputatlar Səməd Seyidov, Əli Hüseynli, Əli Əhmədov, Fəzail Ağamalı, Rəbiyyət Aslanova, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Rövşən Rzayev, Asəf Hacıyev, Fərəc Quliyev, Sahibə Qafarova hər biri bu qətnaməni Cənubi Qafqaz regionunun liderinə çevrilmiş Azərbaycanın milli maraqlarına uyğun olmadığını, ölkəmizin müstəqil, çoxşaxəli və praqmatik xarici siyasətinə zərbə kimi dəyərləndirdilər. Azərbaycan siyasətinin 20 il ərzində çox ciddi sınaqlardan çıxdığını və özünü konkret qələbələrlə təsdiq etdiyini vurğulayan millət vəkilləri bildirdilər ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqədar siyasəti öz qarşılıqlı faydalılığı ilə fərqlənir. Avroparlamentin belə bir qətnamə qəbul etməsinin arxasında Azərbaycanın güclənməsini, inkişafını, onun Avropaya inteqrasiyasını istəməyən güclər dayanır. Deputatlar vurğuladılar ki, Avropa parlamentinin qətnaməsinə səs verənlər o şəxslərdir ki, onlar hər zaman Azərbaycanın ərazi bütövlüyünün əleyhinə mövqeləri ilə tanınıblar. Bir dəfə olsun belə, Azərbaycanın torpaqlarının işğalı Ermənistan tərəfindən zəbt olunması məsələsini dilə gətirməyiblər, işğal nəticəsində qaçqın, didərgin düşmüş insanların taleyindən bircə dəfə də olsun danışmayıblar. Millət vəkilləri Avropa strukturları ilə münasibətlərə yenidən baxılmalı olduğunu dilə gətirdilər.
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov isə qeyd etdi ki, Azərbaycanla bağlı tez-tələsik iclas keçirib, qərar qəbul edilməsi anlaşılmazdır: “Bəlkə onlar “Eurovizion” müsabiqəsi ərəfəsində belə qərar qəbul etmək istəyiblər? Bu, xırda bəhanədir. Qarabağ məsələsi ilə bağlı yüz minlərlə insanın hüququ pozulub, ancaq sənədlərdə 5-6 jurnalistin hüquqlarından yazılır. Biz haqq yolundayıq. Yəqin ki, bir qərar qəbul etməliyik. Bu məsələyə təəccüblənməli deyilik. Çünki bizə qarşı müəyyən prinsiplər var. Buna baxmayaraq biz öz yolumuza davam edəcəyik”.
Spiker Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan Milli Məclisi adından Avropa Parlamentinə rəsmi etiraz bildirilməsi üçün ayrıca sənəd hazırlanmalıdır. Bunun üçün Milli Məclisdə deputatlardan ibarət komissiya yaradıldı. Komissiyaya Milli Məclis Sədrinin müavini Bahar Muradova, Əli Hüseynli, Rəbiyyət Aslanova, Sahibə Qafarova, Azay Quliyev, Fərəc Quliyev, Fəzail İbrahimli daxil edildi.
Gündəliyin müzakirəsinə başlandıqdan sonra ilk olaraq Milli Məclis Bəktaşi Səadət İnayət qızının Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında sənədi təsdiq etdi.
Sonra “2011-ci ilin dövlət büdcəsinin icrası haqqında” və “2012-ci ilin dövlət büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər müzakirəyə çıxarıldı. Hər iki sənədlə bağlı İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. 2011-ci ilin yekunlarına görə, Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edən komitə sədri dedi ki, Azərbaycan öz dinamik inkişafına görə, dünyanın aparıcı ölkələrindən, söz sahiblərindən birinə çevrilib.
Sonra Maliyyə naziri Samir Şərifov hər iki qanun layihəsi ilə bağlı məruzə etdi. Nazir bildirdi ki, 2011-ci il ərzində Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2010-cu ilə nisbətən qiymətlərlə müqayisədə 40 mln. manat artaraq 50,1 mlrd. manat, o cümlədən qeyri-neft sektorunda ÜDM 24,2 mlrd. manat, amma adam başına düşən ÜDM isə 5530,6 manat olub. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil edib.
Nazir onu da bildirdi ki, 2011-ci il icmal büdcənin gəlirləri 19 mlrd. 982 mln. manat proqnoza qarşı 23 mlrd. 225 mln. manat və ya 116,2 faiz icra olunub ki, bu da 2010-cu illə müqayisədə 378 mln. manat və ya 19,4 faiz çoxdur. İkinci sənədə edilən dəyişikliyə gəlincə isə, Samir Şərifov dedi ki, Azərbaycan Prezidenti tərəfindən parlamentə daxil olan sənəddə 2012-ci ilin dövlət büdcəsinin gəlirlərinin 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manat, dövlət büdcəsinin xərclərinin də 600 milyon manat artırılaraq 17 milyard 678 milyon manata çatdırılması nəzərdə tutulub. Bu dəyişiklik əsasən Azərbaycandakı təbii fəlakətlər nəticəsində əhaliyə dəyən zərərin ödənməsi və görülcək işlərlə bağlıdır.
Fasilədən sonra Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov “2011-ci ilin dövlət büdcəsinin icrası” ilə bağlı Palatanın rəyini diqqətə çatdırdı. Sonra hər iki qanun layihəsi ilə bağlı müzakirələr davam etdirildi. İclasda çıxış edən deputatlar Prezident İlham Əliyevin ölkədə baş vermiş təbii fəlakət və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı maliyyə məsələlərinin həlli üçün atdığı addımları yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu dəyişikliklərdən sonra icmal büdcəsi profisitlə icra olunacaqdır. Xüsusilə də büdcə gəlirlərinə və xərclərinə əlavə olunan vəsaitin neft fondunun vəsaitlərinə toxunulmadan vergi daxilolmaları hesabına təmin edilməsi müsbət xarakterizə olundu.
Müzakirələrdən sonra hər iki qanun layihəsi səs çoxluğu ilə təsdiq edildi.
İclasda “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Dövlət rüsumu haqqında” qanun layihələrində edilən dəyişikliklər barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Sənədlər növbə ilə səsə qoyularaq qəbul edildi.
Sonra Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə baxıldı.
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Sənədə birinci oxunuşda münasibət bildirildi.
Daha sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul edilən qətnaməsi ilə əlaqədar hazırlanan etiraz bəyanatının mətnini oxudu. Bəyanatda qeyd olunurdu ki, Avropa Parlamentinin 56 deputatın iştirakı ilə qətnaməni tez-tələsik qəbul etməsi anlaşılmazdır: “Müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq QHT-lər Azərbaycan əleyhinə bəyanatlar verirlər. Azərbaycan beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Azərbaycan “Avronest” Parlament Assambleyasının təsisçilərindən biridir. Lakin “Avronest” Parlament Assambleyasında müzakirə aparılmadan Avropa Parlamentində belə qərar qəbul olunub. Erməni lobbisinin təsiri altında olan qruplar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmaq üçün Azərbaycanda insan hüquqları məsələsini bəhanə edirlər. Əslində niyyət insan hüquqları olsaydı, Ermənistanda insan hüquqlarının vəziyyəti daha çox qabardılardı. Qəbul edilmiş son qətnamə ikitərəfli münasibətlərin inkişafına fayda gətirmir, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində görülən işlərə kölgə salır.
Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı yönəlmiş qərəzli, ədalətsiz aktdır. Avropa Parlamentinin nəzərinə çatdırılır ki, Azərbaycana ikili standartlarla yanaşması yolverilməzdir. Milli Məclisin Aparatına tapşırılır ki, bu qərar Avropa Parlamentinin qətnamənin qəbulunda iştirak etməyən üzvlərinə çatdırılsın”.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin yaz sessiyasının başa çatdığını elan etdi. Dövlət himni səsləndirildi.
Bununla da parlamentin yaz sessiyasının son iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti