MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 8-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirildi.
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə iki məsələ daxil edilib. Birinci məsələ Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd edildi ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəfdən əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapıb. Saziş müddətsiz olaraq bağlanıb.
Sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun ikinci oxunuşda müzakirə olundu.
Komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, qanun layihəsi çox mükəmməl hazırlanıb və çərçivə qanundur. Yəni bu qanunun qəbulundan sonra silahlı qüvvələrin ayrı-ayrı sahələri barədə ayrıca qanunlar hazırlanacaq.
Çıxış edən komitə üzvləri Aqil Abbas, Vüsal Hüseynov, Elman Məmmədov qanun layihəsini yüksək qiymətləndirdilər.
Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti