RUSİYA DÖVLƏT DUMASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Komitə iclasları
11 dekabr 2017 | 06:12   
Paylaşın:        
Dekabrın 11-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə iclası keçirildi.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasındakı dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını və hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyev Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün böyük işlər görüb. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 
Komitə sədri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətindən söz açdı, ikitərəfli münasibətlərdə mədəniyyət, elm və təhsil sahələrinin vacibliyindən danışdı. Bildirdi ki, ölkəmiz Rusiya ilə əməkdaşlığa böyük önəm verir və ortaq maraqlar Azərbaycan-Rusiya əməkdaşlığını daha da gücləndirir.
Parlamentlər arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov ölkələrimiz arasında fikir ayrılığının olmadığını dedi. Qeyd etdi ki, Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir. Ölkələrimizin ortaq sərhədi, tarixi var. Babalarımızın İkinci Dünya müharibəsində qələbəsi ortaq tarixi səhifələrimizdən biridir. Bu müharibədə Qələbənin əldə edilməsində Azərbaycanın böyük rolu olub. Bakı nefti olmasaydı, Sovet İttifaqı qələbə qazana bilməzdi.
Leonid Kalaşnikov, həmçinin qeyd etdi ki, ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb universitetlərinin Bakı filialları fəaliyyət göstərir. Burada rus dilinin qorunub saxlanılması üçün görülən işlər bizi sevindirir.
İclasda çıxış edən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Azərbaycanda rus icmasının rəhbəri Mixail Zabelin diqqətə çatdırdı ki, Azərbaycanda fəaliyyət göstərən rus diasporu Qafqazda ən böyük diasporlardan biridir. Burada 120 mindən çox rus yaşayır və onlar digər vətəndaşlarla bərabər hüquqlara malikdirlər. Azərbaycanda rus dili də geniş yayılmışdır. Lakin Ermənistanda isə demək olar ki, rus xalqının nümayəndələrinə rast gəlinmir, rus dilində danışılmır. Bütün bunlara baxmayaraq, bir sıra məsələlərdə Rusiyanın Ermənistanı dəstəkləməsi narahatlıq doğurur.
İclasda çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Araz Əlizadə, Rusiya Dövlət Dumasının üzvləri Viktor Vodolatskiy, İvan Belekov, Yuriy Mişeryakov, Dmitriy Savelyev, Mixail Krotov və başqaları iki ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşdülər, belə birgə tədbirlərin əhəmiyyətini xüsusi qeyd etdilər.
İclasın sonunda iştirakçılara rus dilində “Azərbaycanda multikulturalizm” adlı broşür paylandı, xatirə fotoları çəkildi.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU