ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim etdi.
Qanun layihəsindəki dəyişiklikləri diqqətə çatdıran komitə sədri bildirdi ki, sənəddə aparılan dəyişiklik Miqrasiya Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır. Qanunun 7.1-ci (Turizm vizası) maddəsinə edilmiş əlavəyə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Bəndə edilən əlavəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətində baxılacaq.
Komitə üzvləri yeni əlavənin çox əhəmiyyətli və vacib olduğunu vurğuladılar, dəyişikliyin turizmin inkişafına, bu sahənin daha da təkmilləşməsinə xidmət edəcəyini qeyd etdilər. Bildirildi ki, bu yenilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəliş-gedişini də asanlaşdırmış olacaq.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti