AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Eldar İbrahimov diqqətə çatdırdı ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Vilayət Əlizadə məlumat verdi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanıb, 13 maddədən və hər iki ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı göstərilən iki əlavədən ibarətdir. Sənəd karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq etmək və dövlət karantin tədbirlərinin əlaqələndirilməsini təmin etmək məqsədilə hazırlanıb. Sazişə əsasən, tərəflər bir ölkənin ərazisindən digər ölkəyə göndərilən karantin nəzarətində olan materialların idxalı, ixracı və tranziti üzrə milli qanunvericilikləri ilə təsdiq edilmiş fitosanitar qaydalarına riayət etməyi öhdələrinə götürürlər.
Qeyd edildi ki, Saziş beş il müddətinə bağlanılır və tərəflərdən biri bu müddətin bitməsinə ən azı altı ay qalmış Sazişi ləğv etmək niyyəti barədə digər tərəfə yazılı şəkildə bildiriş göndərməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılır.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunla əlaqədar bildirildi ki, 7.2-ci maddədə “stadionların” sözündən sonra “qəbiristanlıqların” sözü əlavə edilir. Təklif olunan dəyişiklik qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilə bilməməsini təsbit etmək məqsədi ilə hazırlanmışdır.
Yeni redaksiyaya əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz.
Müzakirələr zamanı komitə üzvləri Eldar Quliyev, Cavanşir Paşazadə, Novruzəli Aslanov çıxış edərək sənədlər barədə öz fikirlərini açıqladılar.
İclasda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti