MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 15-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
Millət vəkilləri əvvəlcə “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında” Protokolu səsə qoyaraq təsdiq etdilər.
Sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, qanun layihəsi çox mükəmməl hazırlanıb, Konstitusiyaya və Hərbi doktrinaya uyğundur.
Müzakirələr zamanı çıxış edən deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Azay Quliyev, Naqif Həmzəyev, Sahib Alıyev və Siyavuş Novruzov qanun layihəsini yüksək qiymətləndirdilər.
Çıxış edən müdafiə nazirinin müavini Kərim Vəliyev bildirdi ki, bu, çərçivə qanundur. Yəni bu qanunun qəbulundan sonra ona əsaslanaraq silahlı qüvvələrin ayrı-ayrı sahələri barədə ayrıca qanunlar hazırlanacaq. Nazir müavini həmçinin ordudakı quruculuq işləri barədə də məlumat verdi, yeni qanun layihəsinin ordumuzun daha yaxşı fəaliyyət göstərməsinə kömək edəcəyini diqqətə çatdırdı.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Sonra “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanun 1999-cu ildə qəbul olunub. Lakin bu qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün yeni qanunun qəbul edilməsi zərurəti yaranıb. Yeni qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində digər tərəflərlə münasibətlərini tənzimləyəcək. Yeni qanun qüvvəyə mindikdən sonra 1999-cu ildə qəbul edilmiş qanun ləğv ediləcək.
Layihənin müzakirəsi zamanı çıxış edən deputatlar Fazil Musatafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Çingiz Qənizadə və Tahir Mirkişili Hesablama Palatasının müasir dövrün tələbləri baxımından daha yaxşı fəaliyyət göstərməsi üçün qanun layihəsinin əhəmiyyətini xüsusi qeyd etdilər.
Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdi və qanun layihəsinin mükəmməl hazırlandığını qeyd etdi.
Müzakirələrdən sonra deputatlar qanun layihəsini səsə qoyaraq birinci oxunuşda qəbul etdilər.
Fasilədən sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə təklif edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirdi ki, bu dəyişikliklər 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının icrası ilə əlaqədardır.
Müzakirələrdən sonra bu dəyişikliklər də səsə qoyularaq qəbul edildi.
İclasda Mülki Məcəlləyə, həmçinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna da dəyişikliklər edildi.
Bildirildi ki, Mülki Məcəlləyə təklif olunan dəyişikliklər daşınmaz əmlaka sərəncam verilməsi və daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, notariusla daşınmaz əmlakın dövlət reyestri arasında əlaqələrin elektron informasiya sistemləri vasitəsilə daha çevik qurulması, eləcə də tikilməkdə olan binaların tərkib hissələrinin(mənzillərin) alqı-satqısı prosesinin tənzimlənməsi məqsədini daşıyır.
Qeyd olundu ki, Xüsusi Dövlət Mühafizə Xidməti isə dövlətçiliyimizin möhkəmlənməsində xüsusi xidmətləri olan bir qurumdur və belə bir medalın təsis edilməsi təqdirə layiqdir.
Sonra millət vəkilləri Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi”ndə, “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yol hərəkəti haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Polis haqqında”, “Prokurorluq haqqında”, “Dövlət məhkəmə ekspertizasi fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Taxıl haqqında”, “Məşğulluq haqqında”, “İcra haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Lotereyalar haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”
qanunlara və Əmək və Vergi məcəllələrinə, həmçinin Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə dəyişikliklər etdilər. Qeyd olundu ki, 26 qanuna təklif olunan bu dəyişikliklər Milli Məclisə eyni zərfdə daxil olub və İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakterlidir. Təklif olunan dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Məlumat verildi ki, Vergi Məcəlləsinə təklif olunan digər bir dəyişiklik isə mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatlarının, onların ehtiyat hissələrinin, mühərriklərinin və güc qurğularının əlavə dəyər vergisindən azad olunması məqsədilə hazırlanmışdır. Millət vəkilləri bu dəyişikliyi də səsə qoyaraq təsdiqlədilər.
Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Torpaq Məcəlləsinə təklif olunan dəyişiklikləri təqdim etdi. Bildirdi ki, bu dəyişikliklər Torpaq Məcəlləsinin tələblərinə daha ciddi əməl olunması və bu sahədə hüquqpozmaların qarşısının alınması, eləcə də torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı mübarizə aparan müvafiq icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsi məqsədini daşıyır.
Bildirildi ki, “Torpaqların münbitliyi haqqında” qanuna ediləcək dəyişikliklər isə əkin torpaqlarının münbitliyinin qorunması, ekologiyaya ziyan vurulmasının qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi üçün əkin yerlərinin yandırılmasının qadağan edilməsini özündə ehtiva edir.
Müzakirələrdən sonra hər iki qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqləndi.
İclasda İnzibati Xətalar Məcəlləsinə, “Avtomobil yolları haqqında”,
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara da dəyişikliklər edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti