REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 dekabr 2017 | 02:12   
Paylaşın:        

Dekabrın 19-da Milli Məclisin Regional məsələlər  komitəsinin  növbəti  iclası  keçirildi.
Komitə  sədri  Arif  Rəhimzadə  əvvəlcə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişiklik barədə məlumat verdi. Bildirildi ki, qanunun 7.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qəbristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilməyəcək. Layihədə bildirilir ki, ümumi istifadədə olan küçə, meydan, bələdiyyə yolları, təsərrüfatdaxili yollar, parklar, meşələr, bulvarlar, çimərliklər, sahillər, keçidlər, stadionlar, qəbristanlıqlar və idman meydançalarının altındakı torpaqlar, qoruyucu meşə zolaqları, yerli əhəmiyyətli obyektlərin, hidrotexniki qurğuların yerləşdiyi torpaqlar, örüş sahələri, meşə və su fondu əraziləri, habelə hüquqi və fiziki şəxslərin icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Sonra  komitə  sədri  “Bələdiyyələrin statusu haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyi  diqqətə  çatdırdı. Qeyd  olundu ki, sənəddə qəbristanlıqların salınması və idarə olunmasında  bələdiyyələrin üzərinə  düşən vəzifələrin  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydalara  uyğun həyata  keçirilməsini  təmin etmək məqsədi ilə qanunda  bəzi  dəyişikliklər  edilib. Arif Rəhimzadə layihəni şərh edərək bildirdi ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.
 Komitə  üzvləri  Tahir Rzayev, Fəzail İbrahimli, Azər  Badamov Kamran Bayramov  çıxış edərək  hər  iki sənədin yerli  özünüidarəetmə  orqanlarının işində səmərəli olacağını, bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərəcəyini, sənədlərin mütərəqqi əhəmiyyət daşıdığını  vurğuladılar. 
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU