MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
22 dekabr 2017 | 05:12   
Paylaşın:        
Dekabrın 22-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirildi. 
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə 3 məsələ daxildir. 
Birinci iki məsələ “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna və “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi barədədir. Birinci qanuna təklif edilən dəyişiklik “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır. Qərara təklif olunan dəyişiklik isə  ölkəmizdə keçirilmiş sonuncu Referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərlə bağlıdır.
Məlumat verildi ki, gündəlikdəki üçüncü məsələ “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”(üçüncü oxunuş) qanun layihəsidir. Ziyafət Əsgərov bildirdi ki, bundan əvvəlki qanun 1991-ci ildə qəbul olunmuş və hal-hazırda qüvvədədir. Yeni qanun layihəsinin qəbul olunması zərurəti isə ölkəmizdə keçirilmiş sonuncu Referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra yaranmışdır. Yeni qanun silahlı qüvvələrimizin hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanun layihəsi çərçivə xarakterlidir və ümumi prinsipləri müəyyən edir. Yəni bundan sonra silahlı qüvvələrimizin ayrı-ayrı bölmələrini tənzimləyəcək qanunlar hazırlanacaq. Sonra Ziyafət Əsgərov ikinci oxunuşda müzakirədən sonra layihə üzərində aparılmış işlər barədə komitə üzvlərini məlumatlandırdı. 
Qanun layihəsinin müzakirəsi zamanı deputatlar Elman Məmmədov, Adil Əliyev və Aqil Abbas çıxış edərək yeni qanunun əhəmiyyətindən danışdılar. 
Müzakirələrdən sonra gündəlikdəki hər üç qanun  layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.
Bununla da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU