"PARLAMENTİN DAYANIQLI İNKİŞAFDA ROLU" MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

Tədbirlər
25 dekabr 2017 | 05:12   
Paylaşın:        

Dekabrın 25-də  Milli Məclisdə BMT ilə birgə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentlərin rolu” mövzusunda konfrans keçirildi.
Konfransı giriş sözü  ilə açan Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov bildirdi ki,  2015-ci ildə BMT tərəfindən “2030 - Dayanıqlı İnkişaf Məqsədləri” adlı layihə hazırlanıb. Bu layihəyə qoşulan Azərbaycan qlobal layihənin qoyduğu ayrı-ayrı məqsəd və hədəflərə uyğun ciddi addımlar atır. Baş nazirin  müavini vurğuladı ki, qarşıdakı 15 il ərzində qlobal layihə çərçivəsində istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş dövlətlər üçün çox ciddi pozitiv dəyişikliklər nəzərdə tutulur. Qlobal layihə iqtisadi cəhətdən geridə qalmış ölkələrin inkişaf etdirilməsi, bütün dövlətlərdə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, bir sözlə ümumi mənzərənin dəyişdirilməsi məqsədi ilə həyata  keçirilir.  Dayanıqlı İnkişaf Məqsədlərində bəşəriyyət üçün ekoloji tarazlığın təmin edilməsi, dünya xalqlarının daha yaxşı yaşaması üçün əlverişli mühitinin yaradılması, gender bərabərliyinin, insan hüquqlarının daha yüksək səviyyədə təmin edilməsi nəzərdə tutulub. Layihədə 17 əsas məqsəd və bunlara uyğun olaraq 169 hədəf müəyyənləşdirilib. Bununla həm milli inkişafa, həm də dünya transformasiyası məqsədlərinə nail olunacaq. Azərbaycan öz üzərinə çox ciddi vəzifələr götürüb və bu istiqamətdə çox ciddi addımlar atılır. Azərbaycan yeganə ölkədir ki, qlobal layihə çərçivəsində xüsusi Milli Şura yaradıb. Şuraya  yüksək statuslu dövlət məmurları cəlb edilib. Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır və  ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş öhdəlikləri ləyaqətlə yerinə yetirir.
Konfransda Milli Məclis  Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət  Əsgərov çıxış edərək tədbirin  əhəmiyyətindən danışdı. Bildirdi ki, belə bir konfransın Milli Məclisdə keçirilməsi təqdirəlayiqdir. Qeyd edildi ki, müzakirəyə çıxarılan “Dayanıqlı İnkişaf üzrə gündəlik” layihəsində 2015-ci ildən 2030-cu ilə qədər qarşıya qoyulan hədəflərin, vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm məsələlər öz əksini tapır. Burada hansı addımların atılacağı, problemlərin həlli istiqamətində hansı işlərin görüləcəyi barədə müəyyən proqramlar mövcuddur. Dünya dövlətləri bir yerdə bu məsələlərin öhdəsindən gəlməlidirlər. Yoxsulluq, aclıq, miqrant problemləri və digər  sosial-iqtisadi qayğılar bütün dünyanı narahat edən məsələlərdir. Bu gün dünya çox narahat bir vəziyyətdədir, Yaxın Şərq ölkələrində müharibələr gedir, miqrant və qaçqın problemi mövcuddur. Neçə illərdir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib, ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Böyük dövlətlər bu problemlərin həlli ilə bağlı ortaq məxrəcə gələ bilmirlər. Dünyanın xüsusilə iri dövlətləri həm sözdə, həm də əməli fəaliyyətdə birlik nümayiş etdirsələr, onda bu problemlər tezliklə həll olunar, dayanıqlı inkişaf hədəflərinə nail olunması prosesi asanlaşar. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası” yaradılması Azərbaycanın həmin məsələyə nə qədər önəm verdiyinin bariz nümunəsidir.
Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxış edərək bildirdi ki, BMT  Azərbaycanla əməkdaşlıqdan çox məmnundur. O, qeyd etdi ki, ölkəmizlə qurum arasında əlaqələr ən  müxtəlif sahələri, o cümlədən parlamentlərarası və hökumətlərarası münasibətləri əhatə edir. Qulam  İshaqzai vurğuladı ki, Azərbaycanda dayanıqlı inkişafla bağlı xeyli işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin  dayanıqlı inkişafla bağlı verdiyi fərman təqdirəlayiqdir.
Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Azərbaycanda  Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə görülmüş işlər və qarşıda duran perspektivlər”, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədləri üzrə sosial aspektlərin həyata keçiriməsində parlamentin rolu”, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dayanıqlı İnkişaf Məqsədlərində iqtisadi hədəflərə nail olunmasında parlamentin rolu”, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dayanıqlı İnkişafda sağlam yaşayışın təmin olunması hədəflərinə nail olunmasında parlamentin rolu” mövzularında  maraqlı çıxışlar  etdilər.
Sonra müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırıldı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU