MİLLİ MƏCLİSDƏ MDB PA ŞURASININ FƏRQLƏNMƏ NİŞANLARI TƏQDİM EDİLDİ

Tədbirlər
05 yanvar 2018 | 05:01   
Paylaşın:        

Yanvarın 5-də Milli Məclisdə MDB Parlamentlərarası Assambleya Şurasının fərqlənmə nişanlarının təqdimetmə mərasimi  keçirildi.  
Tədbiri  giriş  sözü  ilə açan Milli Məclis  Aparatının rəhbəri  Səfa  Mirzəyev  bildirdi ki, Azərbaycanda  sosial-iqtisadi uğurların sayı ilbəil artır. Ölkəmizin beynəlxalq nüfuzlu təşkilatlarda, eləcə də MDB-də  özünəməxsus  rolu var. Aparat  rəhbəri  onu da  vurğuladı ki, Azərbaycanda rus dili və mədəniyyəti bir  sərvət kimi  daim qorunur. Səfa Mirzəyev müasir dövrdə mətbuat  və informasiyanın ictimai  həyatımızdakı  mühüm  rolundan söz  açdı. O, bu gün mədəniyyət, informasiya və idman sahəsində fəallığı ilə seçilən, qurumla qarşılıqlı  münasibətlərin inkişafına layiqli töhfə verən insanların MDB Parlamentlərarası Assambleyası Şurasının fərqlənmə nişanları ilə təltif edilməsindən məmnunluğunu  ifadə etdi.
Sonra  Səfa  Mirzəyev nominant  kimi  fərqlənən 160 nömrəli Bakı Klassik  Gimnaziyasının direktoru Faina Ələkbərovaya, həmin məktəbin müəllimi İradə Səfərovaya, Azərbaycan Dövlət Rus Dram Teatrının  aktrisaları Aleksandra Nikuşinaya, Valentina Reznikovaya “Mədəniyyətin inkişafında xidmətlərə görə”, Bədən Tərbiyəsi  və İdman Akademiyasının  əməkdaşları Firat Hüseynova, Bəxtiyar  Rüstəmova, Basketbol üzrə əməkdar məşqçi  Elxan Əliyevə, “Dinamo” İdman Cəmiyyətinin  rəhbəri  Rafiq Hacıyevə “İdmanın inkişafında  xidmətlərə görə”, “İnterfaks-Azərbaycan” agentliyinin baş redaktoru Anar Əzizova, “Kaspiy” qəzetinin baş redaktoru İlqar  Hüseynova isə “Mətbuat və informasiyanın inkişafında xidmətlərə görə” fərqlənmə nişanlarını  təqdim  etdi.
Deputat Elmira Axundova  təltif olunanları  təbrik edərək dedi ki,  bu fərqlənmə nişanları ikinci dəfədir ki,  fəaliyyətinə  görə  fərqlənən insanlara  təqdim edilir. Millət  vəkili, Azərbaycanın informasiya, idman və mədəniyyət sahələrini təmsil edən fəal insanların sayının bundan  sonra  daha  da  artacağına  ümid  etdiyini vurğuladı.
Təltif olunanlar zəhmətlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını  bildirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU