KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
01 iyun 2012 | 04:06   
Paylaşın:        

İyunun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İqtisadi siyasət komitəsi ilə birgə iclası keçirildi.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verdi. Bildirdi ki, birinci oxunuşda parlamentdə müzakirə olunduqdan sonra Şəhərsalma və Tikinti Məcəlləsinə xeyli dəyişikliklər edilib. Məcəllənin ictimai müzakirəsi  aparılıb. Hazırda qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Sonra Milli Məclis Aparatının əməkdaşı Səyyad Kərimov qanun layihəsi barədə ətraflı məlumat verdi. Layihənin təkmilləşdirildiyini, deputatların təkliflərinin nəzərə alındığını qeyd etdi.
Komitələrin birgə iclasında Şəhərsalma və Tikinti Məcəlləsinin müzakirəsi başlandı. Deputatlar rəy və təkliflərini bildirdilər. Sənədin əhəmiyyəti yüksək dəyərləndirildi, plenar iclasın müzakirəsinə verilməsi tövsiyə olundu. Çıxışları yekunlaşdıran İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məcəllənin çox əhatəli hazırlandığını, üçüncü oxunuşa qədər bugünkü təkliflərin də nəzərə alınması vacibliyini qeyd etdi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, İnzibati Xətalar Məcəlləsinə və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlarda dəyişiklik edilməsinə dair məsələlərə baxdılar. Təklifləri məqbul saydılar.
Deputatlar müzakirə etdikləri qanun layihələrinin beşini də Milli Məclisin plenar iclasına tövsiyə etdilər. 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU