SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 22-də Milli Məclisin Səhiyyə komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov gündəliyə daxil edilən məsələləri təqdim etdi.
Əvvəlcə, 2017-ci ilin payız sessiyası zamanı görülən işlər barədə məlumat verildi. Bildirildi ki, hesabat dövründə komitənin 4 iclası keçirilib, 6 məsələyə, o cümlədən, 4 qanun layihəsinə baxılıb. Komitə sədri “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” məsələni xüsusi vurğuladı. O, sənəd ətrafında müzakirələrin çox maraqlı keçdiyini və komitə üzvlərinin də bu müzakirələrdə fəal iştirak etdiklərini söylədi. Komitə sədri büdcədə səhiyyəyə ayrılan vəsaitin bu sahənin inkişafı və əhalinin sağlamlığının qorunması baxımından önəmli rol oynadığını söylədi.
Qeyd edildi ki, ötən sessiya müddətində komitəyə vətəndaşlardan 191 ərizə və şikayət daxil olub. Müraciətlər diqqətlə araşdırılıb və həll olunması üçün aidiyyəti qurumlara göndərilib. Payız sessiyasında komitə tərəfindən bir sıra tədbirlər həyata keçirilib, deputatlarımız müxtəlif mövzularda təşkil olunmuş konfranslarda iştirak ediblər. O cümlədən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələnin gündəmdə olduğunu nəzərə alaraq, nümayəndə heyətimiz Türkiyəyə səfər edib, bu ölkənin təcrübəsi ilə yaxından tanış olub. 2017-ci ilin payız sessiyası ərzində komitənin fəaliyyəti qənaətbəxş hesab olundu.
İclasda komitə sədri 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planını təqdim etdi. Diqqətə çatdırıldı ki, komitədə “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq. Habelə, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanun layihəsinə dəyişikliklərin edilməsi, “Unun icbari zənginləşdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihələrinin hazırlanması ilə bağlı, Autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi mövzusunda dinləmələrin keçirilməsi planlaşdırılır.
Müzakirələrdə çıxış edən komitə üzvləri 2018-ci ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə öz fikirlərini açıqladılar, bir sıra təkliflər verdilər.
Sonra “Dərman vasitələri haqqında” qanununa ediləcək dəyişikliklər haqqında söhbət açıldı. Qeyd edildi ki, əhaliyə dərman vasitələrinin buraxılmasına həsr olunmuş maddəyə yeni bənd əlavə olunur. Əlavəyə əsasən, on dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
Deputatlar təklif olunan dəyişikliyin məqsədəmüvafiq olduğunu söylədilər, qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti