KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
24 yanvar 2018 | 05:01   
Paylaşın:        

Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq,  Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında”  qanun layihəsi müzakirə olundu.
Öncə Milli Məclis Sədrinin müavini,  Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verdi.
Bildirildi ki, bu sənəd “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında”Prezident Sərəncamına əsasən hazırlanıb. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 31 may 2017-ci il tarixli Prezident Sərəncamına əsasən təşkil edilmiş İşçi qrup hazırlayıb.
İşçi qrupun rəhbəri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan  müddəalar əsas götürülüb.
 Məlumat dinlənildikdən sonra  müzakirələr başlandı. Deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər. “Ələt azad iqtisadi zonası haqqında” mükəmməl qanun layihəsi hazırladığına görə İşçi qrupun  rəhbəri Valeh Ələsgərova və qrup üzvlərinə təşəkkürlərini bildirdilər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkdi. Hazırki şəraitdə belə bir qanunun qəbulu vacibliyini vurğuladı.
Gənclər və idman komitəsinin sədri Fuad Muradov azad iqtisadi zonaların səmərəli fəaliyyəti üçün qeyri-standart yanaşmanın vacib olduğunu söylədi.
Geniş müzakirələrdə qanun layihəsi barədə rəy və təkliflərini bildirən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Qüdrət Həsənquliyev, Kamran Nəbizadə, Cavid Qurbanov, Tahir Kərimli, İlham Əliyev, Çingiz Qənizadə, Şəmsəddin Hacıyev, Rafael Cəbrayılov, Əsabil Qasımov dünya praktikasına istinadən azad iqtisadi zonaların fəaliyyətindən söz açdılar, onların uğurlarını və gəlirlərini şərtləndirən amilləri önə çəkdilər. Belə zonalarda sahibkarların gömrük və vergi rüsumlarından azad olunması vacibliyini qeyd etdilər. Ölkəmizdə yaradılan azad iqtisadi zonaların idarə edilməsi və inkişafı, həmin zonalarda səlahiyyətli qurumların hüquq və vəzifələri, xarici investorların hüquqları ilə yanaşı Azərbaycan vətəndaşlarının da hüquqlarının qorunması və digər mühüm məsələlər barədə danışdılar.
Deputatlar qeyd etdilər ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək. Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi  beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər.
Komitələrin birgə iclasında müzakirələri yekunlaşdıran Valeh Ələsgərov səslənən fikirlərə münasibət bildirdi, sualları cavablandırdı.
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU