AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Komitə iclasları
25 yanvar 2018 | 01:01   
Paylaşın:        

Yanvarın 25-də Ailə, qadın və uşaq məsələləri komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşdı.
Komitənin sədri Aqiyə Naxçıvanlı öncə 2017-ci il payız sessiyasının yekunlarından söz açdı. Bildirdi ki,  hesabat dövründə 3 iclas keçirilib, 6 məsələyə baxılıb, 4 qanun layihəsi geniş müzakirə edilərək Milli Məclisin plenar iclasına təqdim olunub. Komitə həmçinin “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlayaraq baxılması üçün müvafiq təşkilatlara təqdim edib. Sessiya ərzində komitədə keçirilən görüşlər, o cümlədən BMT Əhali Fondunun təmsilçisi ilə aparılan müzakirələr faydalı olub.
Ötən sessiyada Ailə, qadın və uşaq məsələləri komitəsinə daxil olan 124 müraciətdən 70-i  tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Parlamentdə 51 vətəndaş qəbul edilib. Aqiyə Naxçıvanlı vurğuladı ki, müraciətlərin çoxu aliment məsələsi ilə bağlı olub.
Deputatlar komitənin payız sessiyasına dair hesabatını məqbul saydılar. 
Sonra iclasda 2018-ci ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olundu. Günün diktəsindən irəli gələn bəzi ailə məsələlərinin hüquqi tənzimlənməsi məqsədilə yeni qanunvericilik aktlarının hazırlanması təklif edildi. “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsinə həsr olunmuş dinləmələrin keçirilməsi, müxtəlif mövzularda ictimai müzakirələrin  təşkili məqsədəuyğun sayıldı.
Yekunda komitənin iş planı təsdiqləndi.

 

  Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU