REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
26 yanvar 2018 | 03:01   
Paylaşın:        

Yanvarın 26-da Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşan Regional məsələlər komitəsində iki məsələyə baxıldı.
Öncə komitənin sədri Arif Rəhimzadə 2017-ci il payız sessiyasının yekunları barədə danışdı. Bildirdi ki, hesabat dövründə komitə qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun fəaliyyət göstərib. 6 iclasda 8 məsələ müzakirə edilib ki, onlardan 6-sı bələdiyyələrin fəaliyyətini tənzimləyən qanun layihələri olub. Həmin qanun layihələrindən 5-i Milli Məclisdə qəbul edilib.
Regional məsələlər komitəsinə daxil olmuş 109 müraciət, ərizə, şikayət və təklif araşdırılıb, onlardan 61-i tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri vətəndaşların qəbuluna həssaslıqla yanaşıb, seçiciləri ilə parlamentdə və yerlərdə çoxsaylı görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar tədbirlər görüblər.
Arif Rəhimzadə  bildirdi ki, hesabat dövründə komitə üzvləri ölkənin ictimai-siyasi həyatında, parlamentin qanunvericilik fəaliyyətində və beynəlxalq tədbirlərdə fəal iştirak edib, Azərbaycan gerçəkliyinə və Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri yayıblar.
Sessiya müddətində Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyası və rayon icra hakimiyyətləri ilə birgə Cəlilabad və Qəbələ rayonlarında konfranslar keçirilib. Yerli demokratiyanın inkişafında vətəndaşların iştirakı, yerli özünüidarəetmənin inkişaf perspektivləri kimi mühüm məsələlər müzakirəyə çıxarılıb.
Latviyanın Prieli şəhərindən gələn nümayəndə heyəti ilə görüşdə bələdiyyə institutu barədə təcrübə mübadiləsi aparılıb. 
İclasda çıxış edən komitə  sədrinin müavini Fəttah Heydərov, deputatlar hesabatı yüksək dəyərləndirdilər. Komitənin payız sessiyasında məhsuldar işlədiyi qeyd olundu. 
Sonra iclasda Regional məsələlər komitəsinin 2018-ci ilin yaz sessiyasında görəcəyi işlərin planı müzakirə olundu. Həm qanun yaradıcılığını, həm də müxtəlif tədbirləri əhatə edən iş planı təsdiqləndi.

 

  Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU