ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
26 yanvar 2018 | 04:01   
Paylaşın:        
Yanvarın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. 
İclası açan komitənin sədri Hadi Rəcəbli bildirdi ki, payız sessiyasında komitənin 6 iclası keçirilmişdir. Həmin iclaslarda 14 məsələ müzakirə edilmiş, 12 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur. Payız sessiyası ərzində komitəyə 473 müraciət daxil olmuş, 385 nəfər vətəndaş qəbul edilmişdir.
Komitə sədri diqqətə çatdırdı ki, yaz sessiyasında isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Turizm haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun layihələri üzərində iş aparılacaqdır.   
Sonra iclasda yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Hadi Rəcəbli bildirdi ki, qanun layihəsi müvafiq qurumların iştirakı ilə hazırlanmış, BMT-nin aidiyyəti strukturlarının və beynəlxalq təşkilatların müsbət rəyini almışdır.
Layihə barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova məlumat verdi ki, 1992-ci ildə qəbul olunmuş analoji qanun müasir beynəlxalq standartlara cavab vermədiyi üçün yeni qanun layihəsi hazırlanmışdır. Sənəd 8 fəsil 40 maddədən ibarətdir. Bu qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını, onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edəcək, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, əlilliyi olan şəxslərin şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, deputatlardan Musa Quliyev, İlham Məmmədov, Rauf Əliyev, Araz Əlizadə və Yaqub Mahmudov qanun layihəsi barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər. Qeyd olundu ki, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılanadək layihə daha da təkmilləşdiriləcəkdir.   
 Müzakirələrdən sonra “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU