GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 26-da Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. İclasda 2017-cı ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabat və 2018-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edildi.
Komitə sədri Fuad Muradov məlumat verdi ki, 2017-ci ilin payız sessiyası dövründə komitənin keçirdiyi iclaslarda “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklərin edilməsi barədə və bir sıra digər məsələlər müzakirə olunub.
Bu müddət ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 124 məktub, müraciət və sənədlər daxil olub. Müraciətlərdə müxtəlif istiqamətdə, o cümlədən, əhalinin sosial müdafiəsi, elm, təhsil, idman, mədəniyyət, əmək mübahisələri, özəlləşdirmə, maliyyə, mənzil problemləri, səhiyyə, ekologiya, vətəndaşlıq, təltif və bağışlanma ilə bağlı məsələlər əks olunub. Göstərilən məsələlərin bir çoxu qısa zamanda həll olunub, bəziləri qismən təmin edilib, bir sıra ərizələrə dair müvafiq izahatlar verilib, habelə baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilib.
Qeyd edildi ki, komitə sədri tərəfindən hesabat dövründə fərdi qaydada 82 vətəndaş qəbul edilib və qaldırılan məsələlərin bir çoxu öz müsbət həllini tapıb. Komitə üzvləri parlamentdə və yerlərdə seçicilərlə görüşlər keçirib, onları narahat edən məsələlərin həllində öz səylərini göstəriblər. Millət vəkilləri, habelə xeyriyyəçilik məqsədilə aztəminatlı ailələrə məişət, sağlamlıq, maliyyə və digər problemlərin həllində yaxından köməklik ediblər.
Bildirildi ki, sessiya zamanı komitə üzvləri ölkə daxilində və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirak ediblər. Komitə sədri, Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Fuad Muradov özünün qatıldığı qurumun Büro və plenar iclasları, Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin toplantısı barədə danışaraq, bu tədbirlərin Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətli olduğunu dedi. O, eyni zamanda, iştirak etdiyi “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı müzakirələr, parlament nümayəndə heyətinin tərkibində MDB PA-nın Şura iclası və Parlamentlərarası İttifaqın 137-ci Assambleyası, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin I Konfransı, Azərbaycanın ilk dəfə təmsil olunduğu Dünya İnternet Forumu barədə ətraflı açıqlamalar verdi.
Diqqətə çatdırıldı ki, ötən sessiyada Milli Məclisin Gənclər və idman komitəsi və Ukrayna Ali Radasının Ailə məsələləri, gənclər siyasəti, idman və turizm komitəsi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair niyyət protokolu imzalanib. Komitədə Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüş və bir sıra digər tədbirlər keçirilib. Komitə üzvləri Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə keçirilən deputatlar və jurnalistlər arasında futbol turnirində iştirak ediblər.
Sonra Fuad Muradov 2018-ci ilin yaz sessiyası üçün iş planı barədə söhbət açdı. Bildirildi ki, komitədə “Gənclər siyasəti haqqında”, “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlara nəzərdə tutulan əlavə və dəyişikliklərə baxılacaq, “Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında”, habelə Səhiyyə komitəsi ilə birgə “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihələri müzakirə olunacaq.
Nəzərə çatdırıldı ki, sessiya müddətində 2 fevral Gənclər gününə həsr olunmuş ictimai dinləmələr, fəal gənclər və gənclər təşkilatları ilə bir sıra görüşlər planlaşdırılır. Deputatlar Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların soyqırımının 100 illik ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklər. Prezident İlham Əliyevin 2018-ci ilin “Cümhuriyyət İli” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq, komitə üzvləri gənclər sektorunda maarifləndirmə işini həyata keçirəcəklər. Millət vəkilləri Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılacaqlar.
İclasda komitənin 2017-ci ilin payız sessiyasında fəaliyyəti yüksək qiymətləndirildi, 2018-ci ilin yaz sessiyasının işlər planı təsdiq edildi.
Milli Məclisin
Mətbuat xidməti