MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI
Fevralın 1-də Milli Məclisin 2018-ci ildə ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra dövlət himni səsləndirildi.
Gündəliyin təsdiqindən sonra Oqtay Əsədov diqqətə çatdırdı ki, parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün əzmlə çalışacaq. Sədr Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzaladığını, iyun ayında Milli Məclisdə bu münasibətlə geniş tədbirlər planlaşdırıldığını vurğuladı. Qeyd olundu ki, yaz sessiyasında parlamentdə Konstitusiyaya uyğun olaraq hökumətin və İnsan Hüquqları üzrə Müvəkkilin hesabatları da dinləniləcək.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının yenidən təşkil edilməsi haqqında parlamentin qərarları müzakirəyə çıxarıldı. Spiker Oqtay Əsədov bildirdi ki, müzakirəyə təklif olunan sənəddə komissiyaların əvvəlki sədrləri və üzvləri olduğu kimi saxlanılır. Hər iki qərar ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Sonra Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planına baxıldı. Qanunvericilik işlər planına “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Konstitusiya qanunları, “Azərbaycanda Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Daxili qoşunlar haqqında”, “Ələt Azad İqtisadi Zonası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Texniki təmizləmə haqqında”, “Standartlaşma haqqında”, “Hesablama Palatası haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kinematoqrafiya haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Turizm haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” çox mühüm qanun layihələri daxil edilib. Həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunverici təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələri var.
Millət vəkilləri Fazil Mustafa, Siyavuş Novruzov, Zahid Oruc, Əli Məsimli, Elmira Axundova, Fərəc Quliyev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Qənirə Paşayeva, Rövşən Rzayev sənədlə əlaqədar fikirlərini bildirdilər, təkliflərini səsləndirdilər. Qanunvericilik işləri planı səsə qoyularaq təsdiqləndi.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Bildirildi ki, Avropa Birliyinin üzvü olan Litva ilə xidməti pasportlar sahəsində belə bir sənədin imzalanması Azərbaycan üçün əhəmiyyətli məsələdir. Sənəd səsə qoyularaq yekdilliklə qəbul edildi.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial sığorta haqqında” qanunda edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirildi ki, sənəd “Nağdsız hesablaşmalar haqqında” 2017-ci il 13 iyun tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişiklikdə bildirilir ki, bu uyğunlaşdırma əsasında “sosial sığorta ödəmələri sığorta olunanlara yalnız nağdsız qaydada, sığortaçı tərəfindən əməliyyat-axtarış, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə veriləcək. Sənəd səsə qoyularaq təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanuna edilən dəyişikliklərin də eynilə, “Nağdsız hesablaşmalar haqqında” 2017-ci il 13 iyun tarixli qanuna uyğunlaşdırma məqsədi ilə edildiyini diqqətə çatdırdı. Sənəd təsdiq edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim etdi. Bildirildi ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə edilən dəyişiklik qanunun 14-cü maddəsinə tətbiq edilir. Maddədə terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda və ya xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona və ya onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əmək haqqı məbləğinin müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilməsi bildirilir. Təklif olunan dəyişikliyə görə isə həmin müavinət nağdsız qaydada ödəniləcək. Sənəd səsvermə yolu ilə qəbul edildi.
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov burada aparılan dəyişikliyin də “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə edildiyini dedi. Layihəyə görə, işləməyən vərəm xəstələrinə müalicə müddətində verilən müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək. Sənəd təsdiqləndi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumat verdi. Bildirildi ki, qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) maddəsinə yeni müddəa əlavə edilir. Təklif olunan bənddə bildirilir ki, “2006-cı il yanvarın 1-ə qədər Azərbaycana gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Qanuna bu əlavənin təklif edilməsi 2006-cı il yanvarın 1-ə qədər Azərbaycana gələn və burada daimi yaşayan, keçmiş SSRİ pasportlarına malik olan şəxslərə Azərbaycan vətəndaşlığına qəbul olunmaq imkanı yaratmaq məqsədi daşıyır. Sənəd səsə qoyularaq təsdiq edildi.
Sonra Əli Hüseynli İnzibati Xətalar, Şəhərsalma və Tikinti Məcəllələrinə dəyişikliklər edilməsi haqqında sənədləri birlikdə şərh etdi. Birdirildi ki, hər iki sənəddə edilən dəyişikliklər “Reklam haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2017-ci il 30 iyun tarixli qanunun tətbiqi ilə əlaqədar edilib. Bu dəyişikliklərə əsasən açıq məkanda ölçülərindən asılı olmayaraq reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada və hallarda müvafiq icra hakimiyyəti orqanı icazə verə bilər. Hər iki sənəd ayrı-ayrılıqda səsvermə yolu ilə təsdiqləndi.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyi diqqətə çatdırdı. Bildirildi ki, təklif olunan dəyişiklik sənədin 13-cü maddəsində aparılıb. 14 yaşı tamam olmamış şəxslərin həyat və sağlamlığına zərər vurulmaması məqsədi ilə onlara dərman vasitələrinin buraxılmasını qadağan edir. Qanun layihəsinə müsbət münasibət bildirildi.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də təqdim etdi. Qeyd olundu ki, təklif olunan dəyişiklik Məcəllənin “ekoloji təhlükəsizlik haqqında” bölməsində aparılıb. Dəyişiklikdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məsuliyyətin nəzərdə tutulması halları əksini tapır. Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiqləndi.
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumat verən Əli Hüseynli bildirdi ki, layihəyə əsasən Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğunluğuna dair tələbin tətbiqi müddəti 1 illiyinə uzadılır. Sənəd təsdiq edildi.
İclasda Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsini ilk oxunuşda təqdim etdi. Sənədlə bağlı ətraflı məlumat verən komitə sədri bildirdi ki, burada peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsipləri, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsasları müəyyən edilir. Qanunun hazırlanmasında məqsəd peşə təhsili sahəsində vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş təhsil hüququnun təmin olunmasından, peşə təhsili prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən və təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.
Sənəddə Azərbaycanın təhsil sistemində peşə təhsilinin yeri müəyyənləşib, bu təhsili alanlara müəyyən güzəştlər nəzərdə tutulub. Qanun layihəsində peşə təhsili ilə orta ixtisas təhsilinin inteqrasiyası əsas götürülüb. Komitə sədri sənəddə nəzərdə tutulan yenilikləri də şərh etdi. Layihəyə əsasən, peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verilir. Bundan əlavə, ali məktəbə daxil olmaq istəyənlərə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir. Bu məktəbləri bitirənlərə həm də sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyazlar təqdim olunur. Qanun layihəsində peşə təhsili müəssisələrinə birdəfəlik, müddətsiz lisenziya verilməsi, Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması ilə bağlı müddəalar da əksini tapır. Bildirildi ki, 5 fəsil, 26 maddədən ibarət sənəd təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqisini və rifahını yüksəltməyə xidmət edəcək. Ətraflı müzakirələrdən sonra sənədə konseptual baxımdan müsbət münasibət bildirildi.
Bununla da Milli Məclis bugünkü işini baş çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti