KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
İyunun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçirildi.
İclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə “İnformasiya əldə etmək haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məsələ daxildir. Komitə sədri diqqətə çatdırdı ki, təklif olunan əlavədə deyilir: “İnformasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.” Əli Hüseynli bildirdi ki, belə bir müddəa ölkəmizdə qəbul olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununda öz əksini tapmışdır. “İnformasiya əldə etmək haqqında” Qanuna təklif olunan əlavə isə onun daha da təkmilləşdirilmiş formasıdır. Bildirildi ki, Ukraynada, Rusiyada, Türkiyədə və bir sıra digər dövlətlərin qanunvericiliklərində informasiya əldə etmək hüququnun sərhədləri dəqiq müəyyənləşdirilmişdir.
Çıxış edən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova layihəni Azərbaycan dövlətinin gələcəyinin və təhlükəsizliyinin təmin olunmasına xidmət edən sənəd kimi dəyərləndirdi. Qeyd etdi ki, qanuna təklif olunan bu əlavə zamanın tələblərinə uyğunlaşdırılaraq daha da təkmilləşdirilmiş və müasir çağırışları özündə ehtiva edir.
İclasda komitələrin üzvlərinin də fikirləri dinlənildi, onların qeyd və təkliflərinə baxılacağı qeyd olundu. Sonda təklif olunan dəyişikliyin Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti