REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNƏ İNZİBATİ NƏZARƏTİ HƏYATA KEÇİRƏN ORQANIN İLLİK MƏRUZƏSİ DİNLƏNİLDİ

Komitə iclasları
06 fevral 2018 | 03:02   
Paylaşın:        

Fevralın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” ilə bağlı hesabat daxil edilib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov hesabatı təqdim etdi. Bildirdi ki, 2017-ci il bələdiyyələrin fəaliyyətində uğurlu il olub. O, xüsusilə Bələdiyyə Qulluqçularının Etik Davranış Kodeksinin qəbulunun bələdiyyələrin fəaliyyətində mühüm rol oynadığını vurğuladı.
Vilayət Zahirov qeyd  etdi ki, 2017-ci ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçib və onların qanunvericiliyə uyğunluğu yoxlanıb. Bu aktların böyük əksəriyyəti qanunvericiliyə uyğun olub. 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib. Bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib və 2636 hektar torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən olunub. Bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb. Bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar toplanılıb və müvafiq hüquq-mühafizə orqanlarına göndərilib. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, həmin icarədən alınan vəsaitin bələdiyyə büdcəsinə ödənilməməsi, təmir işləri ilə bağlı bələdiyyə vəsaitlərinin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub. Bu faktlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. Nazir  müavini məruzəsində  onu  da  vurğuladı ki, ümumilikdə ötən il torpaq qanunvericiliyinin pozulması halları 2016-cı ilə nisbətən 3 dəfədən çox azalıb.
Komitə  üzvləri  Fəttah Heydərov, Rüstəm Xəlilov,  Tahir Rzayev, Kamran Bayramov, Malik Həsənov, Nəsimi, Nərimanov, Yasamal  rayon bələdiyyələrinin əməkdaşları məruzə haqqında fikir və təkliflərini səsləndirdilər.
Müzakirələrin sonunda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”  Milli Məclisin  plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU