ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Fevralın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə üç məsələ daxil edilib.
Sonra gündəlikdəki birinci məsələ - “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi ictimaiyyətin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə birgə müzakirə olundu. Hadi Rəcəbli bildirdi ki, layihənin əsas məqsədi əlillərin sosial müdafiəsini, onların hüquqlarının qorunmasını, cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir.
Sonra layihə barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirdi ki, bu Qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edəcək, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil ediləcək.
Natiq Məmmədov qeyd etdi ki, bu qanun layihəsi ilk dəfə olaraq Azərbaycan tərəfindən BMT-nin xüsusi komitəsinə təqdim edilib, həmin komitənin rəy və təklifləri də nəzərə alınıb. Bundan başqa, Avropa Sosial Xartiyası ilə müzakirələr aparılıb. O cümlədən, bununla bağlı UNICEF-lə də əməkdaşlıq edirik.
Qeyd olundu ki, yeni Qanun qüvvəyə mindiyi gündən bu sahəni tənzimləyən və hazırda qüvvədə olan 1992-ci il 25 avqust tarixli qanun ləğv ediləcək.
Çıxış edən deputatlar Rauf Əliyev, Aytən Mustafayeva, Jalə Əliyeva, Musa Quliyev, Araz Əlizadə, müvafiq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri qanun layihəsi barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər. Qeyd olundu ki, layihə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılanadək deyilən və komitəyə yazılı təqdim olunan təkliflər əsasında onun üzərində iş aparılacaqdır.
İclasda deputatlar Əmək Məcəlləsinə və “Həmkarlar İttifaqları haqqında” Qanuna təklif olunan dəyişiklikləri də nəzərdən keçirdilər. Qeyd olundu ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Hər iki layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti