AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 9-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Eldar İbrahimov gündəliyə daxil edilən məsələlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında” qanun layihələrində edilən dəyişikliklər “Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların bəzi səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi ilə bağlı aparılıb.
Bildirildi ki, ölkə başçısının müvafiq fərmanının tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir. Sənədlərdə edilən dəyişikliklərdə “Tarladan süfrəyə” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərinə baytarlıq, fitosanitar və sanitariya nəzarəti, həmçinin tənzimləmə funksiyalarının (idxal və ixrac da daxil olmaqla) Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.
İclasda bildirildi ki, Dövlət Sanitariya Epidemioloji Xidmətinin Azərbaycan ərazisində sağlamlıq üçün təhlükəli yeyinti məhsullarının sanitariya mühafizəsi vəzifəsi də ləğv edilir və bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti qida zəncirinin bütün mərhələlərində artıq yeyinti məhsullarını əhatə etməyəcək.
Qanunda təklif olunan dəyişikliklər qəbul olunduqdan sonra heyvan və bitki sağlamlığı xidmətlərini Kənd Təsərrüfatı Nazirliyinin, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində nəzarət və tənzimləmə funksiyalarının isə Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirməsi nəzərdə tutulur.
Millət vəkilləri Eldar Quliyev, Cavanşir Paşazadə, Tahir Süleymanov, Novruz Aslan, Hüseynbala Mirələmov, Elçin Quliyev, Aydın Hüseynov, İqbal Məmmədov qanun layihələrində edilən dəyişikliklərin zəruri olduğunu, sənədlərin əhatə etdiyi dairələrdə xidmətlərin insan həyatı və sağlamlığı üçün çox əhəmiyyətli olduğunu bildirdilər.
İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli millət vəkillərini maraqlandıran suallara cavab verdi.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti