SƏHİYYƏ KOMİTƏSİNDƏ ORQAN TRANSPLANTASİYASINA DAİR DİNLƏMƏ KEÇİRİLDİ
Fevralın 9-da Səhiyyə komitəsində “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmə keçirildi. Tədbirə ölkənin ən iri tibb müəssisələrinin tanınmış transplantoloqları, sahə mütəxəssisləri, Səhiyyə Nazirliyinin nümayəndəsi, KİV təmsilçiləri dəvət olunmuşdular.
Öncə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov müasir dövrdə böyük elmi və praktik əhəmiyyət kəsb edən transplantasiya məsələsindən danışdı. Təbabət elmində bu işin metodikasının çox dəqiqliklə hazırlanmış olduğunu qeyd etdi. Ölkəmizdə həyata keçirilən orqan nəqli barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanda böyrək, qara ciyər, sümük iliyi, gözün buynuz qişası, süni oynaqların transplantasiyası kimi əməliyyatlar uğurla həyata keçirilir. Lakin donor və orqan qıtlığı var. Praktika göstərir ki, orqan nəqlinə olan tələbat qat-qat artıqdır.
Əhliman Əmiraslanov vurğuladı ki, ölkəmizdə transplantasiya məsələlərinin günün tələbinə uyğun qurulması üçün 1999-cu ildə qəbul olunmuş müvafiq qanunun təkmilləşdirilməsi zərurəti meydana çıxıb. Orqan nəqlinə ehtiyacı olanların sayının bilinməsi üçün Azərbaycanda reyestr sistemi yaradılmalı, beyin ölümünü dəqiq təsbit edən mərkəz təşkil olunmalı, donorluq məsələsi qanunla tənzimlənməlidir.
Sonra iclasda Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hazırda qüvvədə olan “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun yenidən işlənməsini zəruri edən amillərdən ətraflı söhbət açdı. Donordan və ya meyitdən orqan köçürülməsi prosesində bioetikaya əməl olunması, cəmiyyətin münasibətinin nəzərə alınması, konfidensiallığın qorunması və digər məsələlərin vacibliyini önə çəkdi. Milli koordinasiya mərkəzinin təşkilini məqsədəuyğun saydı. Mövcud qanunun təkmilləşdirilməsi üçün komitədə işçi qrupun yaradılmasını təklif etdi.
Dinləmələrdə iştirak edən Mərkəzi Neftçilər Xəstəxanasının, Cavadzadə adına Uroloji Xəstəxananın, Diaqnostika Mərkəzinin, Hematologiya İnstitutunun, Mərkəzi Klinik Xəstəxananın, ATU-nun Tədris-Terapevtik Klinikasının həkimləri və Səhiyyə Nazirliyinin əməkdaşı müzakirələrdə konkret təkliflərini irəli sürdülər.
Orqan nəqlinə dair dinləməni yüksək dəyərləndirən deputatlar Rəşad Mahmudov, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, İlham Məmmədov fikirlərini bildirdilər. Qeyd olundu ki, qanunun təkmilləşdirilməsi ölkəmizdə tibbin inkişafına, əhalinin sağlamlığının qorunmasına xidmət edəcək.
Fikir mübadiləsinə yekun vuran komitə sədri Əhliman Əmiraslanov son illər Azərbaycanda bu sahədə görülən işlərdən bəhs etdi, tövsiyələrini diqqətə çatdırdı.
Deputatların və mütəxəssislərin yekdil qərarı ilə komitə nəzdində insan orqan və toxumalarının transplantasiyasını hüquqi baxımdan tənzimləyən qanunun təkmilləşdirilməsi və ya ehtiyac olarsa yeni qanunvericilik aktının hazırlanması üçün Musa Quliyevin rəhbərliyi ilə İşçi qrup yaradıldı.
Milli Məclisin
Mətbuat xidməti