MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
13 fevral 2018 | 06:02   
Paylaşın:        

Fevralın 13-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin  yaz sessiyasında növbəti plenar iclası keçirildi. 19 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlandı.
“Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə  məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirildi ki, sənədə əlavə olunan 73.9-cu maddəyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq. Bu dəyişiklik Avropa Məhkəməsinə seçilmiş hakimin  Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadəsinə hüquqi əsas yaradır.
Sənəd səsə qoyuldu və qəbul edildi.
 Sonra iclasda Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Qasım Əliyevin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələlərinə baxıldı. Milli Məclis hər iki təyinata razılıq verdi.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nə dair hesabatı parlamentə ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim etdi. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşməsində Milli Məclisin qəbul etdiyi qanunların əhəmiyyətini xüsusi vurğulayan məruzəçi bildirdi ki, 2017-ci ildə qəbul edilmiş “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun, həmçinin bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə qulluğu, yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında qanunlara edilmiş dəyişikliklər bu sahədə şəffaflığın artmasına, əmək münasibətlərinin tənzimlənməsinə şərait yaradıb.
 Ədliyyə Nazirliyi Milli Məclisin Regional məsələlər komitəsi və Bələdiyyələrin Milli Assosiasiyaları  ilə birgə regionlarda təşkil edilən konfranslarda  bələdiyyə üzvlərinin və qulluqçularının fəal iştirakını, eləcə də bələdiyyələrin işinə inzibati nəzarətin həyata keçirilməsini təmin edib. 2017-ci ildə 220 maarifçilik tədbiri keçirilib. Həmin tədbirlərə 9 min 649 bələdiyyə üzvü və qulluqçusu cəlb olunub.
 Deputatlara məlumat verildi ki, hesabat dövründə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb. Şikayətlər əsasında araşdırmalar aparılıb, müvafiq tədbirlər görülüb. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə daxil olan 64 min 788 bələdiyyə aktının hər biri hüquqi ekspertizadan keçirilib, qanunvericiliyə uyğunluğu yoxlanılıb. 1979 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müraciət olunub, 740 akt ləğv edilib, 714 akt dəyişdirilib.
Nazir müavini bələdiyyələrin fəaliyyətində rast gəlinmiş nöqsanlardan da söz açdı. Torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, bələdiyyə vəsaitlərinin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı qanun pozuntuları ilə bağlı 15 fakt üzrə cinayət işi başlanıldığını qeyd etdi. Vurğulandı ki, ümumilikdə ötən il torpaq qanunvericiliyinin pozulması halları 2016-cı ilə nisbətən 3 dəfədən çox azalıb.
İllik məruzə dinlənildikdən sonra müzakirələr başlandı. Deputatlar Elmira Axundova, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Qənirə Paşayeva, Kamran Bayramov, İsa Həbibbəyli məruzə haqqında fikirlərini açıqladılar. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2017-ci ildə xeyli iş gördüyü qeyd olundu.
 Səsvermə yolu ilə parlament bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul etdi.
Sonra iclasda Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini təqdim etdi. Nəzərə çatdırdı ki, bu sənəd 3 komitənin –  Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq,  Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında ətraflı müzakirə olunub. Qanun layihəsi Prezident Sərəncamına əsasən təşkil edilmiş İşçi qrupu tərəfindən  hazırlanıb.
5 fəsil, 30 maddədən ibarət qanun layihəsini geniş şərh edən İşçi qrupun rəhbəri, vitse-spiker Valeh Ələsgərov qeyd etdi ki, sənəd hazırlanarkən mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan  müddəalar əsas götürülüb.
 Məlumat dinlənildikdən sonra birinci oxunuşda müzakirələrə başlandı. Sənədin əhəmiyyətini yüksək dəyərləndirən deputatlar Əli Məsimli, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Mahir Abbaszadə  irad və təkliflərini nəzərə çatdırdılar. Layihə konseptual baxımdan məqbul sayıldı. Çıxışlarda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini hazırlayan İşçi qrupuna təşəkkür ifadə olundu.
Fasilədən sonra qanun layihəsinin müzakirəsi davam etdirildi. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd etdi ki, Ələt azad iqtisadi zonasının fəaliyyəti ölkəmizin ixrac potensialını gücləndirəcək, iqtisadiyyatın inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğuladı ki, azad iqtisadi zonaların yaradılması və belə bir qanunun qəbul edilməsi iqtisadiyyatın inkişafının və liberallaşmasının indiki mərhələsində irəliyə doğru atılmış çox böyük addımdır. Deputatlar Elşən Musayev, Şəmsəddin Hacıyev, İlham Əliyev  qeyd etdilər ki, layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq, azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da töhfə verəcək.
Fikir mübadiləsinə yekun vuran Valeh Ələsgərov deputatları narahat edən məqamlara aydınlıq gətirdi, bu sahədə mövcud beynəlxalq qanunvericiliyə istinadən sualları cavablandırdı.
İclasda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.
Sonra parlamentdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan hökuməti ilə Benilüks Dövlətləri hökuməti arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Sazişi şərh etdi. Sənəd təsdiq olundu.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan hökuməti ilə Macarıstan hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında Saziş barədə məlumat verdi. Milli Məclis sənədi ratifikasiya etdi.
Vitse-spiker Valeh Ələsgərovun şərhi dinlənildikdən sonra parlament “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” və “Qaz təchizatı haqqında” qanunlara təklif olunan dəyişiklikləri qəbul etdi.
İclasda Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Meliorasiya və irriqasiya haqqında”, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanun layihələrinə təklif olunan dəyişikliklər barədə məlumat verdilər. Bildirildi ki, hər iki sənəd qanunvericiliyin uyğunlaşdırılması məqsədi daşıyır, ötən il Su Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlıdır.
Deputatlar hər iki qanun layihəsinin qəbulunu məqsədəuyğun saydılar.
Plenar iclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5-ci və 20-ci maddələrinə dəyişiklik edilməsi barədə qanun layihələri də qəbul olundu.
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumat verdi. Deputatlar qanunun lehinə səs verdilər.
  Plenar iclasda  İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsini şərh edən komitə sədri Əli Hüseynli bildirdi ki, 598-ci maddədə söhbət cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulduğu hallardan gedir. Məcəlləyə edilən bu dəyişiklik Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyəsinin icrası məqsədilə hazırlanıb.
 Milli Məclis qanunun qəbul edilməsini məqsədəuyğun saydı. 
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə məlumat verdi.  Bildirdi ki, 8 fəsil, 40 maddədən ibarət qanun layihəsi komitənin iclasında ictimaiyyətin və əlillərin iştirakı ilə geniş müzakirə olunub və təqdir edilib.
Fikir mübadiləsində belə bir qanunun vacibliyini önə çəkən deputatlar Fazil Mustafa, Tahir Rzayev, Elşən Musayev, Jalə Əliyeva, Qənirə Paşayeva, Hikmət Məmmədov irad və təkliflərini bildirdilər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deputatları maraqlandıran suallara cavab verdi.
Yekunda “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsi səsə qoyuldu və konseptual baxımdan birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU