İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Fevralın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəlikdə 9 məsələ, o cümlədən iki yeni qanun layihələrinin olduğunu bildirdi.
Komitə sədri diqqətə çatdırdı ki, son 15 ildə ölkəmizdə iqtisadi sahədə dinamik inkişaf müşahidə olunur. Azərbaycanın dünyada nüfuzu daha da yüksəlib, aqrar sektorda böyük dəyişikliklər baş verib, kənd təsərrüfatına dövlət dəstəyi artıb, sosial sahədə müsbət irəliləyişlərə nail olunub, insanların rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bütün sahələrdə həyata keçirilən islahatlar qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan komitədə yeni qanun layihələri və bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
İclasda iştirak edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov yeni qanun layihələri barədə danışdı. Bildirdi ki, onlardan biri - “Texniki tənzimləmə haqqında” qanun 4 fəsil 18 maddədən ibarətdir. Sənəddə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi və digər əlaqəli proseslər, istehsal metodları üzrə texniki tənzimləmənin məqsədləri, tətbiqi qaydaları müəyyən edilir. Bu sahədə dövlətin vəzifələri, texniki reqlamentlərə dair tələblər, o cümlədən onların strukturu və məzmunu, texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsinin prinsipləri əks olunur.
Qanunda Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədi ilə milli standartlaşdırma qurumu tərəfindən Məlumat mərkəzinin təsis edilməsi nəzərdə tutulub. Texniki reqlamentlərin tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və Mülki Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Qanunun şamil edildiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlər bu qanun qüvvəyə mindikdən sonra 7 il ərzində mərhələlərlə işlənilib hazırlanmalı, qəbul və dərc edilməlidir.
Digər yeni sənəd - “Standartlaşdırma haqqında” qanun standartlaşdırmanın məqsəd və prinsiplərinin, bu sahədə normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, beynəlxalq əməkdaşlıq məsələlərinin hüquqi əsaslarını müəyyən edir. Qanunun müddəaları malın, prosesin, idarəetmə sisteminin və işçi heyətinin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, bu tələbləri müəyyən edən normativ hüquqi aktlara, məcburi uyğunluğun qiymətləndirilməsi məsələlərinə şamil edilmir.
Layihədə ilkin dövlət standartları, milli standartlaşdırma qurumu tərəfindən qəbul edilmiş standartlaşdırma üzrə normativ sənədlərin dövlət qeydiyyatı, bu sahədə beynəlxalq əməkdaşlıq, standartlaşdırma üzrə işlərin maliyyə mənbəyi kimi müddəalar ehtiva olunur.
İclasda çıxış edən deputatlar Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Aydın Hüseynov, Rüfət Quliyev yeni qanun layihələrinin günün tələblərinə cavab verdiyini, bir çox aktual məsələlərin həlli baxımından vacib olduğunu söylədilər.
Sonra bəzi qanunlarda dəyişikliklərin aparılması barədə məlumat verildi. Qeyd edildi ki, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli fərmanına əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada “Patent və Əmtəə Nişanları Mərkəzi”, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsləri yaradılmışdır. Fərmana uyğun olaraq “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda nəzərdə tutulan bir sıra səlahiyyətlərin həmin qurumlar tərəfindən həyata keçirilməsi təklif olunur.
“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər yuxarıda adı çəkilən qanun layihələrinə uyğun olaraq hazırlanmışdır və ixtira, faydalı model, sənaye nümunəsi, patent, əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı bir sıra hüquqi hərəkətlərə görə dövlət rüsumunun ləğvini nəzərdə tutur.
Diqqətə çatdırıldı ki, “Standartlaşdırma haqqında” mövcud qanunda texniki xarakterli bəzi dəyişikliklər edilib. Habelə, “Dövlət rüsumu haqqında” qanunda edilən dəyişikliyə görə, 15 yaşı tamam olmamış ölkə vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə daha aşağı məbləğdə dövlət rüsumu müəyyən olunub.
Komitə üzvləri gündəliyə daxil olan qanun layihələrini Milli Məclisin plenar sessiyasında baxılmaq üçün tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti