HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 fevral 2018 | 05:02   
Paylaşın:        

Fevralın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli bildirdi ki, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə təqdim olunub.
Sənəd barədə Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin DNT tədqiqatı qrupunun rəhbəri Elnur Nəsibov məlumat verdi. Diqqətə çatdırıldı ki, qanun ölkəmizdə dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir. Layihədə dövlət daktiloskopik qeydiyyatı, daktiloskopik məlumat bankı, dövlət genom qeydiyyatı, DNT məlumat bankı və digər anlayışların izahatı verilir. Qeyd edilir ki, ölkədə dövlət daktiloskopik və genom qeydiyyatı daktiloskopik və genetik məlumatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılır. Bu zaman Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməklə qanunçuluq, konfidensiallıq və könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə əməl edilir.  
Qanun layihəsində deyilir ki, qeydiyyatın aparılması nəticəsində əldə olunan məlumatlardan itkin düşmüş şəxslərin axtarışı, naməlum meyitlərin, habelə, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi, cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması üçün istifadə edilir. Sənəddə məcburi və könüllü dövlət daktiloskopik və genom qeydiyyatının şərtləri öz əksini tapıb. Eyni zamanda, daktiloskopik və genetik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri, müddəti və məhv edilməsi ilə bağlı qaydalar  ehtiva olunur.
Qanuna əsasən, məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, miqrasiya orqanları daktiloskopik məlumatlardan istifadə etmək hüququna malikdirlər.  Daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılan məlumatlar xarici dövlətlərin dövlət orqanlarına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq verilə bilər. 
Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov öz çıxışında söylədi ki, qanunun hazırlanması zamanı Böyük Britaniyanın, Almaniyanın, Avstriyanın bu sahədəki qanunvericiliyi öyrənilib. Beynəlxalq təcrübədə bununla bağlı müxtəlif yanaşmalar mövcuddur. Qeyd edildi ki, qanun insan hüquqlarının qorunması baxımından böyük əhəmiyyətə malikdir. Qanunun qəbulunu şərtləndirən amillərdən biri də Azərbaycanın beynəlxalq cinayətkarlıqla, o cümlədən terrorizmlə mübarizədə fəal iştirakıdır.
Deputatlar Rafael Cəbrayılov, Tahir Kərimli, Çingiz Qənizadə, Məlahət İbrahimqızı sənəd barədə öz fikirlərini açıqladılar, qeyd və təkliflərini səsləndirdilər.
Tədbirin sonunda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi Milli Məclisin plenar  iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU