MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Komitə iclasları
20 fevral 2018 | 02:02   
Paylaşın:        

Fevralın 20-də  Milli Məclisin  Əmək  və sosial  siyasət,  Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitələrinin birgə  iclası  keçirildi.  İclasa sədrlik edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  bildirdi ki, bugünkü  gündəliyə 14 məsələ daxil edilib.
Komitə  sədri fevralın 19-da ölkə Prezidenti tərəfindən Qarabağ müharibəsi iştirakçıları, veteranları, 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə bağlı 3 mühüm sənədin imzalandığını bildirdi. Qeyd  olundu ki, bu sənədlər Prezidentimizin müharibə əlillərinin və şəhidlərin ailələrinə necə böyük həssaslıq və diqqətlə yanaşdığının növbəti əyani təzahürüdür. Prezident İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib. Hadı Rəcəbli komitənin gündəliyinə bu qəbildən olan “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin (ikinci oxunuş) və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” yeni qanun layihələrinin daxil edildiyini dedi.
İclasda  iştirak edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki,  “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi  sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Nazir müavini bildirdi  ki, bu borclar sahibkarlığın  inkişafına  ciddi  əngəl törədir. Onun  sözlərinə görə, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. O,  qeyd edib ki, məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur. Bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.
Sonra  Milli Məclis  Aparatı Sosial  qanunvericilik  şöbəsinin  sektor  müdiri Adil Vəliyev gündəlikdə nəzərdə tutulan digər 13  qanunda dəyişiklikləri şərh etdi. Bildirildi ki,  qanun layihələri cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə ünvanlanıb. “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında”, Seçki Məcəlləsində, “Milli Məclis  deputatının statusu  haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,  “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Yaşayış minimumu haqqında”, “Sosial sığorta haqqında”, “Sosial  müavinətlər haqqında”  sənədlərdəki  dəyişikliklər oxşar xarakterlidir. Bu layihələrdə dəyişikliklər “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma  ilə əlaqədardır. Bununla bir sıra kateqoriyadan olan insanların pensiya təminatı  növbəti dəfə yaxşılaşdırılmış olacaq.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin

 Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU