MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
23 fevral 2018 | 05:02   
Paylaşın:        

Fevralın 23-də Spiker Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə Milli Məclisin deputatı Fəttah Heydərovun ünvanına yubiley təbriki səsləndi. Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, bu gün Fəttah müəllimin 80 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti onun  fəaliyyətinə yüksək qiymət verib, Fəttah müəllimi “İstiqlal” ordeni ilə təltif edib. Milli Məclisin rəhbərliyi də yubilyar deputatı təbrik edib.
İclas iştirakçıları yubileyi və ölkənin ali ordeni ilə təltif olunması münasibətilə Fəttah Heydərovu alqışladılar.
Plenar iclasda 19 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər. İlk növbədə Azərbaycan dövlətinin yürütdüyü humanist siyasətdən bəhs olundu. Komitə sədrləri Siyavuş Novruzov və Əli Hüseynli, deputatlar Fazil Mustafa və Qüdrət Həsənquliyev müsbət fikirlərini parlamentin diqqətinə çatdırdılar. Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım alması üçün ölkəmizdə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncam təqdir edildi. Həmçinin cəza siyasətinin humanistləşdirilməsi haqqında Azərbaycan Prezidentinin ötən il imzaladığı Sərəncam, 1993-cü ildən bəri verilən əfv fərmanları, amnistiya aktları barədə danışıldı. 2017-ci ilin oktyabr ayında Milli Məclisdə qəbul edilmiş Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanunun icrası barədə deputatlara ətraflı məlumat verildi. Vurğulandı ki, Azərbaycan  hüquqi dövlətdir, burada qanunun aliliyi hər şeydən üstündür. Cənab Prezident atdığı hüquqi addımlarla dünyaya bir daha sübut elədi ki, Azərbaycanın dövlət siyasəti ən humanist siyasətdir. 
Deputatlar Xocalı soyqırımının 26-cı ildönümü məsələsini  gündəmə gətirdilər. Bildirildi ki, hazırda Milli Məclisin 20-dən çox deputatı dünya ictimaiyyətinə doğru-dürüst məlumatlar çatdırmaq və anma tədbirlərində iştirak etmək üçün müxtəlif ölkələrə ezam olunubdur. Millət vəkili Şahin İsmayılov erməni təbliğat maşınının fəaliyyəti və erməni dərsliklərində əksini tapan iftira və yalanlar barədə konkret faktları diqqətə çatdırdı. Hollandiyada erməni soyqırımının tanınmasına etiraz edən Fərəc Quliyev Xocalı soyqırımının  Hollandiyada tanıdılması üçün təklif irəli sürdü. Deputatlar Tahir Kərimli və Elman Nəsirov da qondarma “erməni soyqırımı” barədə Hollandiyanın qəbul etdiyi ədalətsiz qərara qəti etiraz bildirdilər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində Sazişin təsdiq edilməsinə dair qanun layihəsini  təqdim etdi. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycan və Türkiyə hökumətləri arasında   təhsil sahəsində əməkdaşlığa dair Sazişi şərh etdi.
Fikir mübadiləsi aparıldı. Milli Məclisdə hər iki Saziş ratifikasiya olundu.
Gündəlikdəki növbəti beş qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirildi ki, Milli Məclisə bir zərfdə daxil olmuş “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər edilməsi zərurəti Azərbaycan Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanından irəli gəlir. Həmin fərmana əsasən ölkəmizdə “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma  İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Patent və Əmtəə Nişanları Mərkəzi” adlı 4 publik hüquqi şəxs yaradıldığına görə, adı çəkilən qanunlarda nəzərdə tutulmuş bir sıra səlahiyyətlər bundan sonra həmin qurumlar tərəfindən həyata keçiriləcək. 
Deputatlar qanun layihələrinin beşinə də müsbət münasibət bildirdilər.
Sonra Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov üç qanun layihəsini Milli Məclisə təqdim etdi. Məlumat verildi ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli Prezident fərmanı ilə əlaqədar olaraq “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda dəyişikliklər edilməsi vacibliyi meydana gəlib. Belə ki, “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətini həyata keçirmək məqsədilə yaradılmış Qida Təhlükəsizliyi Agentliyi bu ilin əvvəlindən fəaliyyətə başlayıb. Heyvandarlıq və bitkiçilik sahələrinə nəzarət məsələsində dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanmaması məqsədilə yeni qanunlarda nəzarət və xidmətlərin əhatə dairəsi dəqiqləşdirilir.
Müzakirələrdən sonra Milli Məclis bu qanun layihələrinin qəbul edilməsini məqsədəuyğun saydı. 
İclasda “Standartlaşdırma haqqında” qanuna təklif olunan dəyişiklik səsə qoyularaq qəbul edildi.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verdi ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna təklif olunan dəyişiklik də Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlıdır.  Deputatlar bu qanuna da müsbət münasibət bildirdilər.
Plenar iclasda növbəti dörd məsələni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh etdi. Milli Məclis Miqrasiya və İnzibati Xətalar Məcəllələrinə, “Yol hərəkəti  haqqında” qanuna və “Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsinə razılıq verdi. 
“Dövlət rüsumu haqqında” qanunun 14.3-cü maddəsinə təklif olunan dəyişiklik də məqbul sayıldı.
Plenar iclasa çıxarılmış iki yeni qanun layihəsini deputatlara   komitə sədri Ziyad Səmədzadə təqdim etdi. Öncə “Standartlaşdırma haqqında” 6 fəsil 27 maddədən ibarət qanun layihəsi barədə məlumat verildi. Bildirildi ki, sənəd “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına əsasən hazırlanıb. Mütəxəssislərin iştirakı ilə komitədə geniş müzakirə olunub.
Məlumat dinlənildikdən sonra deputatlar qanun layihəsinə dair qeydlərini bildirdilər. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  sədr müavini Niyazi Rəhimov deputatların suallarını cavablandırdı. Fikir mübadiləsində “Standartlaşdırma haqqında” yeni qanun layihəsi konseptual baxımdan bəyənildi və birinci oxunuşda qəbul edildi.
İclasın yekununda deputatlara 4 fəsil, 18 maddədən ibarət “Texniki tənzimləmə haqqında” qanun layihəsi təqdim olundu. Bildirildi ki, bu qanun insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini, həmçinin tətbiqi qaydalarını müəyyən edəcək.
Deputatlar “Texniki tənzimləmə haqqında” qanun layihəsini konseptual baxımdan birinci oxunuşda qəbul etdilər.
Bugünkü iclasda qanun layihələrinin müzakirələrində  I vitse-spiker Ziyafət Əsgərov, deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Tahir Rzayev, Fərəc Quliyev, Əli Məsimli, Hikmət Məmmədov, Naqif Həmzəyev, Elmira Axundova, Eldar Quliyev, Əflatun Amaşov yaxından iştirak etdilər. 
 Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU