MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
06 mart 2018 | 05:03   
Paylaşın:        

Martın 6-da  Milli Məclisin  növbəti plenar  iclası  keçirildi. İclası  Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. 
Gündəliyin təsdiqindən sonra  qanun layihələrinin  müzakirəsinə  başlanıldı.
Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsini təqdim etdi.  Bildirildi ki, Konvensiya 2005-ci ilin 23  noyabrında  qəbul  edilib.  4  fəsil 25  maddədən ibarət sənəd bərabərlik  və qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq  ticarətin  dövlətlər  arasında  dostluq  münasibətlərinin təşviqinin  mühüm  elementi kimi  dəyərləndirilməlidir. Sənəd  səsvermə  yolu ilə qəbul edildi.
Milli Məclisin Sədri  Oqtay Əsədov bildirdi ki, gündəlikdəki  növbəti  13  məsələ  eyni  qovluqda  cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə  ünvanlanıb.
Bu məsələlər  barəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Əvvəlcə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstisusiya  qanunu barədə  məlumat  verən komitə  sədri bildirdi ki, sənəd “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədardır. Bu  dəyişikliklər  I qrup  əlil  olmuş, səlahiyyət  müddətinin yarısı  qədər  sığorta  stajı olan  indiki  və sabiq  ombudsmanların  pensiya  təminatına  aid  ediləcək. Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
Sonra Əli  Hüseynli Seçki Məcəlləsində, “Milli Məclis deputatının statusu haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Yaşayış minimumu haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında” sənədlərdəki dəyişiklikləri şərh edərək onların da oxşar xarakterli olduğunu bəyan etdi. Bu layihələrdə olan dəyişikliklərin də “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədar olduğu  vurğulandı. Qeyd  olundu ki,  dəyişikliklər  özündə  bir sıra kateqoriyadan olan insanların imtiyazlı pensiya hüququ əldə  etməsi  üçün müddətin 10 il artırılmasını  ehtiva  edir. Əvvəl bu  müddət 25  il olmuşdur, indiki qanunla isə  35 il müəyyən edilir.  Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi.
Sonra Əli Hüseynli Şəhərsalma və Tikinti, İnzibati Xətalar  Məcəllələrində dəyişikliklər edilməsi haqqında sənədləri birlikdə təqdim etdi. Bildirildi ki, ölkə Prezidentinin “Azərbaycanda dövlət  idarəçiliyinin  təkmilləşdirilməsi ilə  bağlı bəzi tədbirlər planı haqqında”  24 noyabr  2016-cı il tarixli  Fərmanına əsasən  “mərkəzi icra  hakimiyyəti  orqanı” hüquqi statusuna  malik Azərbaycan Respublikası  Prezidenti yanında Mənzil İnşaatı Dövlət  Agentliyi  publik hüquqi  şəxsi  yaradılmışdır.  2018-ci il 7 fevral  tarixli Prezident  fərmanı ilə   təsdiqlənmiş Agentliyin Nizamnaməsinə əsasən  onların sərəncamına verilmiş torpaq sahələrində inşa edilən tikintilərin gedişinə və istismarına icazələr  verir,  sərəncama  verilmiş  torpaq  sahələrində  tikinti obyektlərinin və onların komplekslərinin  memarlıq,  planlaşdırma və  layihələndirmə  həllinə nəzarət  edir, sərəncamda olan torpaq  sahələrinin  əhatə  etdiyi  ərazilərin  müfəssəl planının  sifarişçisi  qismində çıxış  edir, onların hazırlanması və təsdiq  olunması barədə  qərar  verir, abadlaşdırma  işlərini yerinə yetirir.  Məcəlləyə  əlavə  edilən  dəyişikliklər  MİDA-ya  yuxarıda  sadalanan hüquqların  verilməsi ilə bağlıdır. Sənədlər ayrı-ayrılıqda səsvermə yolu ilə  təsdiqləndi.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  “Yaşıllıqların mühafizəsi haqqında” qanunda edilən dəyişikliklərin də Azərbaycan Respublikası  Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə  müvafiq  hüquqların verilməsi ilə bağlı olduğunu bildirdi. Qeyd  olundu ki, müvafiq  Prezident  fərmanına  əsasən MİDA səlahiyyət  dairəsində olan ərazilərdə  yaşıllıqların bərpasına  və  götürülməsinə nəzarəti həyata  keçirə  biləcək. Qanun layihəsi  səsvermə  yolu ilə təsdiqləndi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında  sənədlərlə əlaqədar birgə məlumatı diqqətə çatdırdı. Qeyd  olundu ki, hər iki sənəd  uyğunlaşdırma  xarakteri  daşıyır. “Dini etiqad  azadlığı haqqında”  qanunda  dəyişikliklər  edilməsi ilə bağlı  2017-ci il 16  may  tarıxli   qanuna  əsasən dini  mərkəz  tərəfindən  dəvət  edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat  aparılması qadağandır.  Xaricdə  dini  təhsil almış  vətəndaşlar  da müvafiq  icra  hakimiyyəti orqanı (Qafqaz Müsəlmanları İdarəsi, Din Qurumlarla  İş  üzrə Dövlət  Komitəsi) ilə razılaşdırılmaqla  islam dininə  aid  ayin  və mərasimlərin idarə olunmasında  iştirak edə bilərlər.  Məcəlləyə  bu  qanunun müvafiq  maddələrinin pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə  tutulması  təklif  edilib.  Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”  qanunda dəyişikliklər edilməsi barədə  sənədi şərh  etdi. Komitə  sədri  qeyd  etdi ki, qanun  layihəsi “Daşınmaz əmlakın  dövlət  reyestri  haqqında”  2017-ci il 25  aprel tarixli  qanunun tətbiqi ilə əlaqədar  hazırlanmışdır. Sənəd  daşınmaz əmlaka  mülkiyyət  və  digər  əşya  hüquqlarına  dair çıxarışın  hüquq  sahibinin  istəyi əsasında  ona kağız  formada  təqdim edilməsini,  yaxud  elektron imza  ilə təsdiqləməklə  elektron  üsulla əldə etmək  imkanının təmin edilməsini nəzərdə tutur. Sənəd  səsə  qoyularaq  təsdiqləndi.
Sonra Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” qanunda və Ticarət Gəmiçiliyi Məcəlləsində edilən dəyişiklikləri şərh  etdi.  Bildirildi ki, hər  iki  sənəddə  nəzərdə  tutulan  dəyişikliklər “İpoteka  haqqında”  qanunda  dəyişikliklər  edilməsi  haqqında  2017-ci il 2  oktyabr  tarixli  qanunun  tətbiqi ilə əlaqədar uyğunlaşdırma  məqsədi ilə aparılıb. Hər  iki qanun layihəsi  ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi.
 Sonra Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini ikinci oxunuşda şərh etdi.  Komitə  sədri bildirdi ki, sənəddə redaktə xarakterli bəzi düzəlişlər aparılıb. Əsaslı dəyişikliklər isə Azad Zona səlahiyyətli qurumunun hüquq və vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə, Azad Zonada gömrük işinə, sərhəd rejiminə, əmək qaydaları və mübahisələrin həllinə, qurumların qərarlarının icrasına dair maddələrdə edilib. Azad Zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı “zərurət yarandıqda başqa dillər də” işlədilə bilər ifadəsi əlavə olunub.
Millət vəkilləri Əli Məsimli, Aydın Hüseynov, Mirzəcan Xəlilov  sənədin  dünya təcrübəsindəki ən qabaqcıl qanunlara əsaslananaraq kifayət qədər mükəmməl hazırlandığını, ölkəmizdəki iqtisadi qurumların tövsiyələrinin  nəzərə alındığını  vurğuladılar. Qeyd  olundu ki, qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir. Sənəd əvvəlcə fəsil-fəsil, sonra isə bütövlükdə səsə  qoyularaq  ikinci oxunuşda təsdiqləndi.  
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun  layihəsi barədə ətraflı məlumat verdi.  Qeyd  olundu ki,  sənəd  sahibkarlığın inkişafını  daha  da  gücləndirmək  üçün nəzərdə tutulub. Məcburi  dövlət  sosial sığorta  borcları sahibkarlığın inkişafına ciddi əngəl törədir. Onun sözlərinə görə, 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. Məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 mln. manatdan çoxdur. Bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir mənfi təsir göstərməyəcək. Sənəd  səsvermə  yolu ilə  qəbul edildi.
Bununla  da  Milli Məclisin bugünkü  iclası  başa  çatdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU