AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ PARLAMENTİNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ PARLAMENT KOMANDALARIARASI BEYNƏLXALQ FUTBOL TURNİRİ BAŞLAYIR
Martın 9-da Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandalarıarası beynəlxalq futbol turnirinin başlaması ilə əlaqədar tədbir keçirildi.
Tədbiri açan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı Sərəncamdan danışdı. Bildirildi ki, Milli Məclis də yubiley tədbirlərində fəal iştirak edir. Bu tədbirlər çərçivəsində “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuş Parlament Komandalarıarası beynəlxalq futbol turniri”nə start verilir. Milli Məclis indiyədək bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Lakin bu futbol turniri idmanla siyasəti özündə birləşdirdiyi üçün parlament belə bir tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Ona görə də bu turnir həm ölkəmizin, həm də Parlamentimizin tarixində baş tutacaq ilk belə beynəlxalq tədbirdir.
Turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandalarının iştirakı ilə 9-11 mart 2018-ci il tarixlərində Bakı şəhərində keçiriləcəkdir.
Tədbirin əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, idman siyasətini tətbiq etməklə Azərbaycanın mövqeyini beynəlxalq arenada möhkəmləndirmək və onu tanıtmaqdır.
Komitə sədri turnirin təşkilinə görə Milli Məclisin rəhbərliyinə və müvafiq qurumlara təşəkkürünü bildirdi. Çıxış edən Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay, TBMM İdman Klubunun rəhbəri, sabiq deputat Adem Tatlı turnirə uğurlar arzuladılar.
Sonra Milli Məclisin Gənclər və İdman Komitəsi ilə Latviya Parlamentinin müvafiq komitəsi arasında Anlaşma Memorandumu imzalandı. Bildirildi ki, 1 noyabr 2017-ci ildə Milli Məclisin Gənclər və İdman Komitəsi ilə Ukrayna Ali Radasının müvafiq komitəsi arasında analoji saziş imzalanmışdır. Türkiyə və Polşa parlamentlərinin də müvafiq komitələri ilə analoji sazişlərin imzalanması nəzərdə tutulmuşdur. Tədbirdə futbol turnirində iştirak edəcək nümayəndə heyətlərinə təşəkkürnamələr təqdim olundu.
Sonra futbol turniri ilə bağlı püşkatma keçirildi. Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda Polşa və Türkiyə komandaları qərarlaşdı. Ukrayna komandası birbaşa yarımfinala vəsiqə qazandı. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna komandası ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Qeyd olundu ki, martın 9-da saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Bu oyunun ardınca Polşa və Türkiyə komandaları qarşılaşacaq.
Püşkatma mərasimindən sonra parlamentin foyesində xatirə fotosu çəkildi.
Milli Məclisin
Mətbuat xidməti