İPƏK YOLUNA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANSDA
Martın 13-də Bakıda Milli Məclislə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun birgə təşkilatçılığı ilə “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başladı. Konfransda iyirmidən çox ölkənin parlament və hökumət nümayəndələri, həmçinin ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, səfirlər, KİV nümayəndələri iştirak edirdilər.
Açılış mərasimində Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü, İpək Yoluna Dəstək Qrupunun rəhbəri Azay Quliyev qonaqları salamladı. Tədbirə ev sahibliyi etdiyi üçün Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ATƏT PA-nın prezidenti Georgi Seretelinin və baş katibi Roberto Montellanın bugünkü tədbirdə şəxsən iştirak etmələri, Assambleyanın sessiyalarında Qrupun səmərəli fəaliyyətinə şərait yaratmaları göstərir ki, qurum İpək Yolu təşəbbüsünə böyük önəm verir və onu dəstəkləyir.
Dünya təcrübəsinə istinad edən Azay Quliyev vurğuladı ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səyləri və ehtiyatları birləşdirmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz bu fəlsəfədən çıxış edən İpək Yoluna Dəstək Qrupu 3 qitənin təmsil olunduğu (Asiya, Avropa və Amerika) ATƏT məkanında əməkdaşlıq istiqamətlərini şaxələndirməyi, üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsinə nail olmağı qarşısına məqsəd qoyub. Asiya ilə Avropanı birləşdirən nəhəng iqtisadi, ticarət və nəqliyyat qovşağı olan qədim İpək Yolu müasir dövrdə tam gücü ilə işləyərsə ölkələrimiz arasında iqtisadi, ticari, nəqliyyat və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq genişlənər, xalqlarımız bir-birinə daha da yaxınlaşar.
İpək Yoluna Dəstək Qrupunun rəhbəri inamla bildirdi ki, əminəm, bugünkü toplantı Çin, Hindistan, Yaponiya və Asiyanın digər ölkələri ilə Qrupun yaxından əməkdaşlığı üçün yeni ideya və təşəbbüslərin yaranmasına sanballı töhfə verəcək, gələcək fəaliyyətin və strateji hədəflərin müəyyənləşməsində mühüm rol oynayacaq.
Tədbirdə Azərbaycan parlamentinin rəhbərliyi adından danışan Milli Məclis Sədrinin müavini Bahar Muradova qonaqlara Spiker Oqtay Əsədovun xoş arzularını və salamlarını çatdırdı. Qədim İpək Yolunun şərqlə qərb arasında əlaqələrin inkişafına yalnız iqtisadi-ticari deyil, həm də siyasi təkan verdiyini vurğuladı. İpək Yolunun fəaliyyətində Azərbaycanın tarixən və hazırda oynadığı mühüm rola toxundu. Ölkəmizdə yol və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən qlobal layihələrdən, Ələtdə liman tikintisindən söz açdı, ötən ilin payızında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini konkret faktlarla diqqətə çatdırdı. Bahar Muradova qeyd etdi ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu yarandığı gündən indiyədək qədim İpək Yolunun bərpası istiqamətində mühüm layihə həyata keçirir.
Plenar iclasda ATƏT PA-nın prezidenti Georgi Seretelinin, Monteneqro parlamentinin Sədri İvan Brajoviçin, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Monqolustanın xarici işlər naziri Soqbatar Damdinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevin, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Mirçea Çiopraqanın, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın, İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü və ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədri Filippo Lombardinin məruzələri dinlənildi. Analitik məzmunlu məruzələrdə bir sıra maraq doğuran təkliflər də səsləndi.
***
Sonra beynəlxalq konfrans öz işini panellərdə davam etdirdi. “Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi”nə həsr olunmuş panelə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova moderatorluq edirdi.
Öncə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov geniş məruzə edərək qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsinə dair məlumatları diqqətə çatdırdı. Bildirdi ki, tarixi İpək Yolunun bərpası müstəqilliyini qazanmış ölkələrin Avropa və dünya bazarına alternativ nəqliyyat marşrutu ilə çıxışını təmin etmək və bu yolla onlara iqtisadi-siyasi yardım göstərmək məqsədi daşıyır. Həmçinin bu layihə TRASEKA proqramı və Trans-Xəzər Nəqliyyat Marşrutunun iştirakçısı olan ölkələr arasında regional əməkdaşlığın genişlənməsi, maksimum dərəcədə beynəlxalq maliyyə qurumlarının TRASEKA layihələrinin reallaşdırılmasına cəlb olunması, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Transavropa şəbəkəsi ilə inteqrasiyasına köməklik baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında fəal iştirak edir, bu məqsədlə birbaşa investisiyalar yatırıb, eyni zamanda regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək layihəyə dəstək olubdur.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycanın bu istiqamətdə gördüyü tədbirlərdən danışan nazir müavini konkret nəticələri diqqətə çatdırdı. Bildirdi ki, iri tonnajlı yük avtomobilləri (TIR) üçün gediş-gəliş xərcləri təqribən 40 faizədək endirilib, yola saldığımız 2017-ci ildə ölkə ərazisindən 25 minə yaxın TIR keçib, 10,4 milyon ton yük daşınıb. Yüklərin 8,4 milyon tonu, yəni 81 faizi neft və neft məhsullarının, 19 faizi isə qeyri-neft məhsullarının payına düşüb. Limanda göstərilən tranzit yükaşırma xidmətlərinə görə ƏDV-nin “0” dərəcə ilə tətbiq edilməsi barədə təkliflər verilib və Vergi Məcəlləsinə düzəliş edilib.
Konfrans iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan həm də Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa və Yaxın Şərqi birləşdirəcək olan Şimal-Cənub layihəsi üzərində işləyir. Layihənin ölkəmizə aid olan hissəsi artıq tamamlanıb. Ümid edirik ki, yaxın illərdə bu layihə İpək Yoluna inteqrasiya olunacaq və yeni bir marşrutun açılmasına imkan verəcək.
Sonra bu paneldə Rumıniyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, ATƏT PA-nın vitse-prezidenti Viktor Paul Dobre, Belarusun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Boleslav Pirştuk, Avstriyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roman Hayder mövzuya dair məruzələrlə çıxış etdilər, təkliflər verdilər.
***
İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda beynəlxalq konfrans “Nəqliyyat və logistika prosedurlarının sadələşdirilməsi” və “Etimadın gücləndirlməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” kimi aktual mövzulara həsr olunmuş növbəti panellərdə müzakirələri davam etdirdi.
Konfransın sonunda qurumun Bakı Bəyannaməsi qəbul olundu.
Milli Məclisin
Mətbuat xidməti