ELM və TƏHSİL KOMİTƏSİNDƏ
Martın 15-də Elm və təhsil komitəsində “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi ki, bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən birinci oxunuşdan sonra Prezident Aparatında mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub. Konstruktiv fikir mübadiləsində 5 fəsil, 26 maddədən ibarət qanun layihəsi daha da təkmilləşdirilib. Bütün bunlar ölkəmizdə dövlətin təhsilə və gənclərə qayğısının bariz nümunəsidir.
İclasda “Peşə təhsili haqqında” qanun layihəsinin təkmilləşmiş variantı barədə ətraflı məlumat dinlənildikdən sonra müzakirələr başlandı. Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlar Şəmsəddin Hacıyev, Musa Qasımlı, Kamilə Əliyeva, Gövhər Baxşəliyeva qanun layihəsi barədə müsbət fikirlər söylədilər, təkliflərini səsləndirdilər. Çıxışlarda vurğulandı ki, peşə təhsili haqqında qanunun hazırlanmasından məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin həyatının tənzimlənməsi, əmək bazarında öz yerini tuta bilməsidir. Bu sənəd ən işlək qanunlardan biri olacaq və peşə təhsilinin inkişafında mühüm rol oynayacaq.
Sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müzakirədə toxunulmuş bir sıra məqamlara aydınlıq gətirdi, suallara cavab verdi. Bölgələrdə peşə təhsilinin inkişafı məqsədi ilə inşa edilən məktəblər barədə deputatları məlumatlandırdı.
Müzakirələrin yekununda “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti