MİLLİ MƏCLİSDƏ NAZİRLƏR KABİNETİNİN HESABATI DİNLƏNİLDİ

Tədbirlər
16 mart 2018 | 06:03   
Paylaşın:        
Martın 16-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri  Oqtay Əsədov  bildirdi ki, bu gün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. 
Hesabat barədə danışan Spiker Oqtay Əsədov qeyd etdi ki, bizə təqdim edilmiş hesabatla tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  iqtisadi inkişaf strategiyası ölkəmizdə makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaratmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, “2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır”. 
Sədr bildirdi ki, ötən il ölkə iqtisadiyyatında həyata keçirilən sistemli islahatlar uğurla davam etdirilmişdir. Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndirmişlər. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək, 35-ci yeri tutmuşdur. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri xeyli yaxşılaşmışdır.
2017-ci ildə Azərbaycan dövlətinin neft strategiyasında növbəti uğurlu addım atılmışdır. “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilənin müddəti ölkəmiz üçün əlverişli şərtlər ilə 2050-ci ilə qədər uzadılmışdır. Cənub Qaz dəhlizinin mühüm tərkib hissələri olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası sürətlə davam etdirilmişdir. 
Sədr diqqətə çatdırdı ki, ötən il tarixi İpək Yolunun bərpası üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilmişdir. Araşdırmalar göstərir ki, bu layihə Avropa ilə Şərqi birləşdirən tranzit müddətini 2 dəfə azaltmağa şərait yaradır.  
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılmışdır. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki ilə nisbətən 2,7 faiz artım baş vermiş, nəticədə bu sektorun ÜDM-də xüsusi çəkisi təqribən 63 faiz təşkil etmişdir.
Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 6,7 milyard dollarlıq müsbət saldonun yaranmasıdır. 
Həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizin investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlamağa imkan vermişdir. İl ərzində iqtisadiyyata 17 milyard manata yaxın sərmayə yatırılmışdır. 
Sədr qeyd etdi ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında əlaqələrin güclənməsini, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində millət vəkillərinin iştirakını təmin edir. 
Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər Hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Millət vəkillərinin 68 təklifinin icrası barədə məlumat hesabatda ətraflı qeyd olunmuşdur. 
Sonra Baş nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin hesabatını təqdim etdi. Baş nazir ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ərəfəsində olduğumuza görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 14 ildə əldə olunmuş nailiyyətlərdən danışdı.   Bildirdi ki, son 14 il ərzində Azərbaycanda Ümumi Daxili Məhsul 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə,  əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə artıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş, əhalinin banklardakı əmanətləri 30 dəfə çoxalmışdır. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib. Ötən illər ərzində 1 milyon 900 mindən çox iş yeri açılıb, orta ömür uzunluğu isə 72,4 ildən 75,4 ilə yüksəlmişdir.
Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalmışdır.
Prezident İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən daxili və xarici siyasət nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələrin icrası mümkün olmuşdur. 
Baş nazir vurğuladı ki, neft-qaz sənayesinin aparıcı rolu Azərbaycanın nüfuzunun artmasına töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək. O, qeyd etdi ki, əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşdırmanın səviyyəsi 51 faizdən 93 faizə yüksəlmişdir.
Ötən illərdə ölkədə sahibkarlığın və sənayenin inkişafı üçün mühüm tədbirlər görülmüşdür. Sənayenin inkişafına dair dövlət proqramı təsdiq edilmiş və icrasına başlanmışdır. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələr yaradılmışdır. Müasir sənaye parklarının və məhəllələrinin yaradılmasına üstünlük verilmişdir.
Dövlət başçısının təşəbbüsü ilə xalçaçılıq sahəsi yeni intibah dövrünə daxil olmuş, “Azərxalça” Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə ölkənin 10 rayonunda xalça sexləri açılmışdır. Gələcəkdə daha 10  belə xalça sexinin açılması nəzərdə tutulmuşdur. 
Ötən illərdə ölkədə tikinti materialları istehsalı 4,4 dəfə, elektrik avadanlıqlarının istehsalı 10,9 dəfə,  mebel istehsalı 2,4 dəfə artmışdır.   
Ölkədə ərzaq təhlükəsizliyi üzrə dövlət proqramı qəbul edilmiş və icrasına başlanmışdır. Bununla bağlı ölkədə 32 iri fermer təsərrüfatı yaradılmış, bu məqsədlə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılmışdır. Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin yaradılması ilə bağlı işlər aparılır. 2018-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə 2800-dən çox istixana kompleksi fəaliyyət göstərir və təkcə keçən il burada 190 min tondan çox məhsul tədarük edilmişdir.
Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Oğuz-Qəbələ-Bakı su xətti çəkilmiş, su anbarları tikilmiş, bir sıra yaşayış məntəqələrində isə modul tipli sutəmizləmə stansiyaları yaradılmışdır.
Ötən illərdə ölkədə müasir tələblərə cavab verən nəqliyyat infrastrukturu yaradılmış, bu sahədə iri həcmli işlər görülmüş, bu da ölkədə sahibkarlığın və turizmin inkişafına təkan vermişdir.
Baş nazir ötən 14 il ərzində ölkəmizdə gəmiçiliyin, aviasiyanın, metronun inkişafı, ASAN xidmət mərkəzlərinin, yeni sosial obyektlərin yaradılması, qaçqın və məcburi köçkünlərin sosial-rifah şəraitinin yaxşılaşdırılması, təhsil sisteminin təkmilləşdirilməsi, əhaliyə göstərilən tibb xidmətinin səviyyəsinin artırılması, ölkəmizdə yeni texnologiyaların tətbiqi, turizmin inkişafı üçün yeni turizm obyektlərinin yaradılması, gənclərin təhsil və məşğulluğunun təmin edilməsi, idmanın inkişafı, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması     sahəsində görülmüş işlər barədə  ətraflı məlumat verdi.
Artur Rasi-zadə təəssüflə bildirdi ki, ötən illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb. Bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır.
Baş nazir diqqətə çatdırdı ki, dövlətimizin başçısı hər zaman bu problemi nəzarətdə saxlayır, beynəlxalq tədbirlərdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Ali Baş Komandanımızın rəhbərliyi ilə hərbi gücümüzü durmadan artırırıq, ordumuzu müasir hərbi sursatlarla təmin edirik. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir.
Baş nazir Artur Rasi-zadə çıxışının sonunda Azərbaycan xalqının qarşıdan gələn prezident seçkilərində də uğurlu seçim edəcəyinə və uğurlu gələcəyə səs verəcəyinə əminliyini ifadə etdi. 
Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildirdilər. Millət  vəkilləri  Arif Rəhimzadə, Əli Məsimli, Hikmət Məmmədov, Azər Badamov, Elmira Axundova, Zahid Oruc, Sahibə Qafarova, Fazil Mustafa, Musa  Qasımlı, Musa Quliyev, Bəxtiyar Əliyev və Rafael Hüseynov  qeyd  etdilər ki,  hesabatda və Baş nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. Mövcud iqtisadi çətinliklərə baxmayaraq, hökumət ötən il ərzində səlahiyyətləri çərçivəsində öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib. Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər əksini tapıb.
Fasilədən sonra parlamentdə hesabat ətrafında geniş müzakirələr davam etdirildi. Deputatlardan  Əflatun Amaşov, Fərəc Quliyev, Tahir Mirkişili, Tahir Rzayev, İlham Məmmədov, Astan Şahverdiyev, Çingiz Qənizadə, Sahib Alıyev, Eldar Quliyev, Jalə Əliyeva, Yaqub Mahmudov, Tahir Kərimli, Aqiyə Naxçıvanlı, Elman Nəsirov, Rəşad Mahmudov, Mirkazım Kazımov, Fəzail Ağamalı və Naqif Həmzəyev  çıxış edərək hökumətin fəaliyyətini yüksək dəyərləndirdilər, eləcə də qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırdılar. 
Ətraflı  müzakirələrin yekununda  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyuldu və nəzərə alındı.

Milli Məclisin 
Mətbuat  xidməti 




Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU