ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, bugünkü iclasın gündəliyinə 13 məsələ daxildir. Bunlar Cinayət, İnzibati Xətalar və Vergi məcəllələrinə, həmçinin “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir.
Qanun layihələrinə təklif olunan dəyişikliklər barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirdi ki, bu dəyişikliklər bir neçə ay bundan əvvəl qəbul olunmuş “İşsizlikdən sığorta haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır. Bu qanun layihəsinin məqsədi ölkəmizin əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
Təklif olunan dəyişikliklər isə bu məqsədin həyata keçirilməsi üçün müvafiq qanunvericiliyi daha da təkmilləşdirəcək.
Müzakirələrdən sonra 13 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti